CƏMİYYƏT
Tehranda keçirilən beynəlxalq konfransda təcavüzkar Ermənistanın işğalçılıq siyasətinin Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı yaratdığı problemlər barədə məlumat verilmişdir
Tehran, 12 fevral (AZƏRTAC). İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təşkil etdiyi “İslamda insan hüquqları və qadın hüquqlarının bərpa olunmasının yol xəritəsi” mövzusunda beynəlxalq konfransda çıxış edən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva ölkəmizdə insan hüquqlarının qorunması və inkişafı məsələlərində dövlət siyasətinin istiqamətləri barədə ətraflı məlumat vermişdir. Hələ 1918-ci ildə Şərqdə yaranmış ilk demokratik respublika -Azərbaycan Xalq Cümhuriyyətinin qadınlara seçib-seçmək hüququ verməsini iştirakçıların diqqətinə çatdıran natiq qeyd etmişdir ki, Azərbaycan Respublikası müasir beynəlxalq birliyin bərabərhüquqlu üzvü kimi qadınların hüquqlarının müdafiəsi, onların hərtərəfli inkişafı istiqamətində məqsədyönlü siyasət həyata keçirir. Bu sahədə mükəmməl qanunvericilik bazası yaradılmış, çevik icra mexanizmləri müəyyən edilmişdir. İştirakçıların diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanda yaratdığı sosial, mənəvi və psixoloji problemlərə yönəldən A.Sofiyeva bildirmişdir ki, təcavüzkar Ermənistanın Azərbaycan torpaqlarının iyirmi faizini işğal etməsinin nəticəsində qaçqın və məcburi köçkün həyatı yaşayan 400 minə yaxın qadın və ümumilikdə 350 min ailə görünməmiş zorakılığa və sarsıntıya məruz qalmışdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Tehrann