ELM VƏ TƏHSİL
“Təhsil avtobusu” yay məktəbinə başlanılır
Bakı, 2 iyul, AZƏRTAC
“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Təhsil avtobusu - Nəsimi” yay məktəbi layihəsinə başlanılır.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, “Təhsil avtobusu -Nəsimi” yay məktəbi bu il Bakı, Şamaxı, sərhəd və sərhədə yaxın rayonların (Qusar, Astara, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Qazax, Balakən) ümumtəhsil məktəblərinin akademik göstəriciləri zəif və orta olan V-IX sinif şagirdlərini əhatə edəcək.
“Nəsimi ili”nə həsr olunan yay məktəbinin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artmasına şərait yaratmaq və Nəsimi yaradıcılığının tanıdılmasıdır. Yay məktəbi çərçivəsində bu istiqamətlərdə interaktiv dərslər, incəsənət, peşə və fərdi inkişaf təlimləri, intellektual yarışlar keçiriləcək. Layihəyə iyulun ikinci yarısından başlanılacaq.
“Azərbaycan üçün öyrət” proqramı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı dəstəkləyərək keyfiyyətli təhsil üçün bərabər imkanlar yaradılmasını təmin edir.
Xatırladaq ki, “Təhsil avtobusu” yay məktəbi artıq dördüncü ildir keçirilir.