ELM VƏ TƏHSİL
“Təhsil” Respublika İdman Mərkəzinin yunan-Roma güləşi üzrə respublika birinciliyi keçirilib
![“Təhsil” Respublika İdman Mərkəzinin yunan-Roma güləşi üzrə respublika birinciliyi keçirilib](/files/2022/1/1200x630/1646483875543231684_1200x630.jpg)
Bakı, 5 mart, AZƏRTAC
“Təhsil” Respublika İdman Mərkəzinin yunan-Roma güləşi üzrə respublika birinciliyi keçirilib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Beynəlxalq Güləş Federasiyasının qaydaları əsasında 2005-2007-ci il təvəllüdlü yeniyetmələr arasında təşkil olunan yarışa uşaq-gənclər idman-şahmat məktəblərindən 18 komanda olmaqla, 242 nəfər idmançı qatılıb. İki gün davam edən yarışın nəticəsinə əsasən, yeniyetmələr arasında mükafatçılar müəyyən edilib. Ümumi hesabda Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbi I yeri, 2 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi II yeri, Lənkəran şəhər uşaq-gənclər idman-şahmat məktəbi III yeri tutub.
Qalib idmançılar “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən diplom və medalla təltif olunub.
Qeyd edək ki, yarışın keçirilməsində məqsəd yunan-Roma güləşinin təbliği və inkişaf etdirilməsi, ümidverici idmançıların üzə çıxarılması, onların yarış təcrübələrinin artırılmasıdır. Eyni zamanda, mərkəzin yeniyetmələrdən ibarət yığma komandasının tərkibinin müəyyən edilməsidir.