Tələbələrin təhlükəsizliyi diqqət mərkəzindədir
Bakı, 6 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə birgə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” mövzusunda təlim kursu keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, akademiyanın prorektoru Rizvan Əliyev keçirilən tədbirin əhəmiyyətindən danışıb, əldə olunacaq biliklərin fövqəladə hallar zamanı tədbir iştirakçılarına həm özlərinin, həm də ətrafdakıların təhlükəsizliyini təmin etməkdə böyük kömək göstərəcəyini deyib.
Bakı Regional Mərkəzin rəis müavini Kamil Bağırov fövqəladə hadisələrdən heç kəsin sığortalanmadığını vurğulayıb, belə hadisələrə hazır olmaqda maarifləndirmənin böyük əhəmiyyət kəsb etdiyini bildirib və bu istiqamətdə aparılan işlər barədə məlumat verib.
ATGTİ-nin beynəlxalq əlaqələr departamentinin direktoru Nurxan Babayev belə bir tədbirin ərsəyə gəlməsi üçün dəstəyini göstərən hər kəsə minnətdarlığını bildirib. İttifaq olaraq prioritet istiqamətlərdən birinin tələbələrin maariflənməsi olduğunu qeyd edən natiq, fövqəladə halların hər an başımıza gələ biləcək və öyrənilməsi vacib məsələlərdən biri olduğunu vurğulayıb.
Sonra “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə”, “112” qaynar xətti” və “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzularında çıxışlar edilib, videoçarxlar nümayiş olunub.