İQTİSADİYYAT
Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu yenidən qurulur
Naxçıvan, 30 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2011-ci il 2 sentyabr tarixli Sərəncamına əsasən, Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu yenidən qurulur.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yolda aparılan tikinti işlərinin gedişi ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, yolun uzunluğu 39,2 kilometrdir. Hazırda 12 min nəfər əhalinin yaşadığı 5 kəndi əhatə edən yolda tikinti işlərinə bu il başlanılmışdır. Yolun hərəkət hissəsinin eni 7,2 , yol yatağının eni isə 8,5 metrədək genişləndirilmişdir. İki hərəkət zolağından ibarət olacaq yolun üzərində 1 körpü, 5 su keçidi və 51 suötürücü inşa olunmuş, yolun müxtəlif hissələrində beton suaxıdıcı kanallar tikilmişdir. Hazırda yola asfalt örtüyün verilməsi üçün tamamlanma işləri görülür. Tikinti başa çatdıqdan sonra yolun əhatə etdiyi yaşayış məntəqələrində nəqliyyatın rahat hərəkəti təmin ediləcəkdir.
Ali Məclisin sədri yolun tikintisi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.