Tibbi eksperimentlər tarixi
Bakı, 31 mart, AZƏRTAC
Antik Roma həkimi və alimi Avl Korneli Sels belə bir məsələnin müzakirəsini aktual hesab edirdi: insan, ümumiyyətlə canlı varlıq üzərində eksperimentlər aparmaq olarmı? O, qoyduğu suala belə cavab verirdi: "Təcrübəyə məruz qalan canlı varlığın iztirab və əzabları normal həyatı təhrif etdiyinə baxmayaraq sırf elmi mülahizələr baxımından eksperimentlər aparmaq məqsədəuyğundur".
AZƏRTAC xəbər verir ki, antik dövrün bir çox alimləri belə tədqiqatlar aparmışlar. Məsələn, eramızdan əvvəl III əsrdə Erazistrat və Klavdi Qalen qullar və heyvanlar üzərində müxtəlif təcrübələr aparırdı.
Həmin problemin həlli sahəsində XVI əsrdə baş verən fakt daha çox maraq doğurur. Turnirdə gözündən nizə zədəsi alan Fransa kralı II Henrinin yarasını öyrənmək üçün həkimlər dörd məhkumu eynilə həmin zədəyə məruz qoymuşdular.
Anatomiyanın banisi Andreas Vezaliy XVI əsrdə meyitlər barədə aldığı elmi nəticələri heyvanlar üzərindəki təcrübələrdə sınaqdan çıxarıb. O, bunu edərkən xüsusi olaraq kilsənin hökmünə-viviseksiyanı yalnız heyvanlar üzərində etməyə icazə verildiyini əsas götürürdü. Bununla yanaşı alim aydın dərk edirdi ki, insan və heyvanların beyinləri oxşar olsa da, yalnız heyvanlar üzərində təcrübə aparmaq elmin imkanlarını xeyli məhdudlaşdırır.
Müasir eksperimental təbabətin banilərindən biri sayılan Klod Bernard ilk dəfə olaraq insan üzərində sırf elmi-tibbi təcrübələrin etik hüquqları problemini ayrıca məsələ kimi qoyub. O, 1869-cu ildə “Eksperimental patologiya” üzrə mühazirələrində qeyd edirdi ki, etika zəmanəmizə xəstə verə biləcək təcrübənin insan üzərində aparılmasını haqlı olaraq qəti şəkildə pisləyirdi. K. Bernard yaranmaqda olan eksperimental fiziologiyanın metodlarının tətbiqini nəzərdə tutaraq göstərirdi ki, təcrübədə heyvanların ölümü qeydə alınarkən həm əxlaq, həm də elmin sosial təyinatı baxımından belə bir qənaət hasil olur ki, həmin təcrübə insan üzərində aparılmamalıdır. Alim yazırdı: “Bizə etibar olunan xəstələr üzərində eksperiment apara bilmərik, çünki onları müalicə əvəzinə öldürmək kimi riskli iş görmüş olarıq. Elm, hər şeydən əvvəl, insan həyatına hörmət etməlidir”. Yeri gəlmişkən qeyd edək ki, K. Bernard heyvanlar üzərində bir çox amansız, qanlı və ağrılı təcrübələr aparıb.
Ancaq XX əsrin axırlarında təbabətdə elmi-tədqiqat fəaliyyətinin gücləndiyi bir vaxtda K. Bernardın eksperimentləri insan üzərində deyil, yalnız heyvanlar üzərində aparmağı humanizm baxımından nə qədər nəcib səslənsə də, hər halda səthi fikir kimi qəbul edilirdi.
1903-cü ildə dərc etdirdiyi ”Həkimlik etikası” əsərində Albert Moll bəzi məqamlara toxunur. Məsələn, o hesab edirdi ki, mikroskopik analiz üçün tük, qan götürmək kimi hallar etik problem yaratmır. Gec-tez klinik yenilikləri əvvəlcə xəstəyə tətbiq etmək lazımdır. Həkim hər şeydən əvvəl xəstənin üzərində tibbi təcrübə aparmaq üçün onun razılığını almağın zəruri olduğunu söyləyirdi. Onun fikrincə, həmin təcrübənin aparılması müəyyən inkişaf səviyyəsi ilə əlaqədar olduğundan təcrübənin mədəni insanlar, o cümlədən tibb işçiləri üzərində aparılması daha yaxşı olardı.
Etik və hüquqi tələblərin pozulmasına səbəb olan tibbi təcrübələri haqlı olaraq cəmiyyət, eləcə də həkimlərin əksəriyyəti mənfi qarşılayır. İnsanlar üzərində eksperimentlərin aparılmasının tənzimlənməsinə icazə verən ilk fərman 1900-cü ildə Prussiyada verilib.