Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub
Şəki, 7 iyun, AZƏRTAC
Şəki şəhərindəki Mirzə Fətəli Axundzadə adına parkın ərazisində voleybol festivalı keçirilib. Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin və Oğuz Regional Voleybol Klubunun birgə təşkilatçılığı ilə keçirilən festivalda voleybol idman növü üzrə aktiv məşğul olan məktəblilər iştirak ediblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Gənclər və İdman İdarəsindən məlumat verilib.
Festivalın açılışında Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin, Şəki Şəhər İcra Hakimiyyətinin və Oğuz Regional Voleybol Klubunun rəhbər şəxsləri çıxış edərək, Azərbaycanda dövlətin idman sahəsinə olan qayğısından, gənc nəslin sağlam yetişməsində idmanın rolundan bəhs edib və idmançılara uğurlar arzulayıblar.
Sonra məktəblilər voleybol idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Festival parkda istirahət edən vətəndaşlar tərəfindən də maraqla qarşılanıb.
Sonda festivalda iştirak edən şagirdlərə Voleybol Federasiyasının formaları paylanılıb, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin və Oğuz Regional Voleybol Klubunun diplomları təqdim edilib.
Müxbir – Mustafa Dadaşov