MƏDƏNİYYƏT
Tokionun “Book 1st” mağazalar şəbəkəsində Azərbaycan haqqında kitabın təqdimatı maraqla qarşılanıb VİDEO
Tokio, 3 dekabr, AZƏRTAC
Dekabrın 3-də Tokionun tanınmış “Book 1st” kitab mağazaları şəbəkəsində “Yaponların tanımadığı sürətlə inkişaf edən ölkə - Azərbaycan” kitabının təqdimatı maraqla qarşılanıb.
Azərbaycan haqqında Yaponiyada nəşr edilmiş ilk bələdçi kitabın müəllifi, “World Investors TV” internet televiziyasının prodüseri, tanınmış iqtisadçı-ekspert Kazuyasu İşida kitab haqqında məlumat verib. Bildirib ki, kitabda Azərbaycanın coğrafi mövqeyi, zəngin təbii ehtiyatları, iqtisadiyyatın aparıcı sahələri, makroiqtisadi göstəricilər və son illər müşahidə olunan dinamik inkişaf barədə ətraflı məlumatlar öz əksini tapıb. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayan K.İşida ölkəmizin sürətli inkişaf yolu tutduğunu, Azərbaycanda ənənəvi enerji sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyini diqqətə çatdırıb. Azərbaycana sərmayə qoyuluşu üçün əlverişli investisiya mühitinin mövcud olduğu, bu məqsədlə bütün zəruri qanunverici sənədlərin qəbul edildiyi bildirilib.
K.İşida Azərbaycanın uğurla həyata keçirdiyi və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TANAP, TAP, Bakı-Tbilisi-Qars dəmir yolu və TASİM layihələri haqqında iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, ölkə rəhbərliyinin karbohidrogen ehtiyatlarının hasilatından əldə edilən mənfəəti iqtisadiyyatın tərəqqisinə bacarıqla yönəltməsi nəticəsində Azərbaycan görünməmiş sürətlə inkişaf edir. Azərbaycanda icrasına başlanılmış “Xəzər adaları”, “Bakı Ağ şəhər”, “Zirə adası” kimi nəhəng tikinti layihələri barədə də kitabda ətraflı məlumatların qeyd edildiyi bildirilib.
Tarixdə ilk dəfə Avropa Oyunlarının 2015-ci ildə Azərbaycanda keçiriləcəyini qeyd edən müəllif bu məqsədlə aparılan nəhəng quruculuq işləri barədə də məlumat verib. Dünya Bankının və digər beynəlxalq maliyyə təşkilatlarının Azərbaycanda həyata keçirilən iqtisadi islahatları, ölkədəki mövcud biznes mühitini yüksək qiymətləndirdiyi vurğulanıb.
Təqdimatda mütəxəssislər və tanınmış mağazalar şəbəkəsinin oxucuları iştirak ediblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio