Tovuz döyüşlərinə həsr edilən silsilə materiallar istifadəçilərə təqdim olunub
Bakı, 14 iyul, AZƏRTAC
Azərbaycan Ordusunun Qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən iki il ötür.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən Tovuz döyüşləri ilə əlaqədar videoçarx, eləcə də “Tovuz döyüşləri-sərhədlərimiz toxunulmazdır” adlı virtual sərgi və məlumat bülleteni hazırlanıb.
AZƏRTAC xəbər verir ki, videoçarxda yazı materialları ilə yanaşı, Tovuz döyüşlərində əbədiyyətə qovuşmuş şəhidlərimizin foto və video görüntüləri də təqdim edilib. İstifadəçilər bu materiallardan yararlanaraq Tovuz döyüşləri haqqında qısa zaman ərzində çox ətraflı və dolğun məlumat almaq imkanına malikdirlər. “Tovuz döyüşləri-sərhədlərimiz toxunulmazdır” adlı virtual kitab sərgisində və məlumat bülletenində bu döyüşlərdə şəhid olan igid Azərbaycan oğullarının hərbi xidməti, həmçinin keçdikləri döyüş yolu haqqında yazı materialları ilə yanaşı, on beşdən çox kitab, eləcə də dövri mətbuat nümunələri təqdim olunub. Bu materialların hər biri kitabxananın rəsmi saytında yerləşdirilib.
Xatırladaq ki, 2020-ci ilin iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutmuşdur. Düşmən daha sonra mövqelərimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmaqda davam etmişdir. İyulun 12-dən 14-dək davam edən döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu - Milli Qəhrəmanlar general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev, həmçinin döyüş yoldaşları qəhrəmancasına şəhid olublar.