CƏMİYYƏT
Tovuz rayonunun sərhəd kəndlərində bərpa və yenidənqurma işləri aparılır
Tovuz, 7 avqust (AZƏRTAC). Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik tərəfindən Tovuz rayonunun Ermənistan ilə həmsərhəd kəndlərində bərpa və təmir işləri həyata keçirilir.
Agentliyin Tovuz, Qazax və Ağstafa rayonları üzrə qrup rəhbəri Şəmil Allahverdiyev AZƏRTAC-a bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən mütəmadi olaraq atəşkəsin pozulması nəticəsində Tovuz rayonunun düşmənlə həmsərhəd kəndlərindən Əlibəyli, Ağdam və Koxanəbidə sakinlərin evlərinə ciddi ziyan dəyir. Bu ziyanı aradan qaldırmaq istiqamətində agentlik tərəfindən 67 ədəd evin bərpası məqsədilə kənd sakinlərinə tikinti materialları verilib. Bundan əlavə, Əlibəyli kəndində 619 evə şifer, Ağdam kəndində 195 evin, Koxanəbi kəndində isə 44 evin dam örtüklərinin dəyişdirilməsi üçün şifer, taxta və digər materiallar verilib.
Atəşkəsin pozulması nəticəsində Əlibəyli kəndində dağıdılmış evlərin yerinə 2 ədəd 1 otaqlı, 2 ədəd 2 otaqlı, 1 ədəd 4 otaqlı fərdi evlərin tikintisinə inşaat materiallarının verilməsi işləri davam edir.