MƏDƏNİYYƏT
“Toya bir gün qalmış” 40-cı dəfə nümayiş edilib
Bakı, 20 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” ikihissəli komediyası 40-cı dəfə nümayiş olunub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşaçıların hər dəfə böyük maraq və rəğbətlə qarşıladığı bu tamaşa 2015-ci ildən teatrın repertuarındadır və artıq neçə ildir uğurla nümayiş olunur. Tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov, baletmeysterləri Əməkdar artistlər - Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.
Səhnə əsərində Afaq Bəşirqızı ilə yanaşı, Əməkdar artistlər Ələkbər Əliyev, İqrar Salamov, aktyorlar Möylə Mirzəliyev, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Gülcahan Salamova, Əliməmməd Novruzov, Hüseyn Əlili, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Fərid Rzayev də çıxış ediblər.
Süjet xətti gözlənilməz və maraqlı situasiyalarla zəngin səhnə əsərində aktyorların məharətli çıxışı tamaşanı baxımlı edib, səhnə əsəri maraqla qarşılanıb.