İQTİSADİYYAT
Trans-Adriatik qaz kəmərinin inşası üzrə hökumətlərarası saziş imzalanacaqdır
Bakı, 13 fevral (AZƏRTAC). Yunanıstan, Albaniya və İtaliya Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz kəmərinin (TAP) inşası üzrə hökumətlərarası saziş imzalayacaqlar.
AZƏRTAC Rusiyanın “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, sazişi Yunanıstanın xarici işlər naziri Dimitris Avramopulos, Albaniyanın Baş nazirinin müavini Edmont Hacinasto və İtaliyanın iqtisadi inkişaf naziri Korrado Passera imzalayacaqlar. İmzalanma mərasimində, həmçinin Azərbaycan hökumətinin və TAP üzrə konsorsiumun üzvləri olan İsveçrənin “AXPO”, Norveçin “Statoil” və Almaniyanın “E.ON Ruhrgas” şirkətlərinin nümayəndələri də iştirak edəcəklər.
Qaz xəttinin Yunanıstanın Komotini şəhərindən Albaniyaya keçməsi, sonra Adriatik dənizinin dibi ilə İtaliyanın Brindizi limanına uzanması planlaşdırılır.
“RİA Novosti” Yunanıstanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, hazırkı hesablamalara görə, qaz kəmərinin tikintisi Yunanıstana 1,5 milyard avro investisiya gətirəcək və yüzlərlə yeni iş yerinin açılmasına səbəb olacaqdır.
TAP layihəsi Xəzər hövzəsindəki təbii qazın Yunanıstandan, Albaniyadan və Adriatik dənizindən cənuba İtaliyadan keçməklə Qərbi Avropaya daşınmasını təmin edəcəkdir.
Azərbaycanın “Şahdəniz” qaz yatağının işlənməsinin ikinci mərhələsində çıxarılacaq təbii qaz isə bu layihənin əsas mənbəyi hesab olunur.
İlkin mərhələdə TAP qaz kəmərinin nəqletmə gücü ildə 10 milyard kubmetr olacaqdır. Bu rəqəmin sonralar ildə 20 milyard kubmetrə qaldırılması nəzərdə tutulur. TAP layihəsinin səhmdarları qismində İsveçrənin “AXPO” (42,5 faiz), Norveçin “Statoil” (42,5 faiz) və Almaniyanın “E.ON Ruhrgas” (15 faiz) şirkətləri çıxış edirlər.
TAP-ın inşası 2015-ci, ilkin qazın nəqli isə 2018-ci ilə planlaşdırılır.
“Şahdəniz” konsorsiumu isə qaz kəmər ilə bağlı yekun qərarını 2013-cü ilin iyun ayında verəcəkdir.