ELM VƏ TƏHSİL
Türk mənşəli adların dəyişdirilməsi məsələsi Coğrafiya İnstitutunda müzakirə olunub
Bakı, 24 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun növbəti elmi seminarı keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, institutun direktoru, akademik Ramiz Məmmədov gündəlikdə duran məsələlər barədə məlumat verib.
Sonra aqrar üzrə elmlər doktoru Yasin Kərimov müəllifi olduğu “Azərbaycanın tarixi ərazilərindəki yaşayış məntəqələri adlarının Ermənistan Respublikasının dövlət orqanlarının rəsmi sənədləri ilə dəyişdirilməsi” kitabı haqqında məruzə edib. O, Rusiyanın arxivlərinə yol taparaq Azərbaycanın tarixi ərazilərindəki (indiki Ermənistan əraziləri) yaşayış məntəqələri və kənd soveti adlarının dəyişdirilməsi ilə bağlı Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 60-dan artıq fərman və digər sənədlərini əldə edib. Bu fərmanlarda 1946-1968-ci illər ərzində müxtəlif bəhanələrlə 300-dən artıq türk mənşəli adın erməni adı ilə dəyişdirilməsi sübut olunur. Qeyd olunub ki, bu günə qədər belə adların sayı 1000-i ötüb.
Məruzə ətrafında çıxış edənlər müəllifin lazımlı arxiv materialları əsasında hazırladığı kitabının nəşrini yüksək qiymətləndiriblər.