TÜRKİYƏ AVROİNTEQRASİYAYA DOĞRU İLK ADDIM ATMIŞDIR
Avropa İttifaqı Şurasının sədri, Avstriya XİN-in başçısı Ursula Plassnik bildirmişdir ki, sazişi Aİ-nin 25 ölkəsinin xarici işlər nazirləri və onların türkiyəli həmkarı Abdullah Gül imzalamışlar.
Saziş Türkiyənin Avropa cəmiyyətinə qoşulmasının mümkün müddətləri barədə məsələyə baxılmazdan əvvəl Ankaranın Avropa İttifaqı ilə imzalamalı olduğu 35 sənədin birincisidir.
Bazar ertəsi sənədin imzalanması Kipr Respublikasının sərt mövqeyinə görə az qala baş tutmayacaqdı. İyunun 9-da Nikosiya sənədin hazırlanmasını əngəlləyərək, Ankaradan Kipr Respublikasını tanımasının müddəti barədə konkret öhdəliklər tələb etmişdir. Yalnız uzun sürən diskussiyadan sonra XİN başçıları qarşılıqlı razılığa gələ bilmişlər. Sazişə preambulada 2005-ci il 21 sentyabr tarixli Avropa bəyannaməsinə istinad etmək qərara alınmışdır. Bəyannamədə deyilir ki, “Avropa İttifaqının bütün dövlətlərinin tanınması bu təşkilata daxil olmaq prosesinin zəruri hissəsidir”.
Nazirlər Türkiyədən keçən ilin payızında Aİ ilə imzalanmış gömrük sazişi üzrə götürdüyü bütün öhdəliklərin yerinə yetirilməsini də tələb etmişlər. Bu sənədə uyğun olaraq, Ankara cari ilin sonunadək özünün dəniz və hava limanlarını Kipr Respublikasının gəmi və təyyarələri üçün açmalıdır.
Kipr Respublikası 2004-cü ildə Avropa İttifaqına qoşulduqdan sonra Türkiyəyə təzyiq göstərmək imkanı qazanmışdır. Belə ki, təşkilatın genişlənməsi ilə bağlı hər hansı qərar onun bütün üzvləri tərəfindən ancaq yekdilliklə bəyənildikdən sonra qəbul edilir. Son hadisələr göstərir ki, Ankara Kipr Respublikasını tanımayınca, Nikosiya Türkiyənin Avropaya inteqrasiyasının bütün mərhələlərinə əngəl törədəcəkdir.