SİYASƏT
TÜRKİYƏ İLƏ HÜQUQİ SAHƏDƏ ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin ötən ilin mart ayında qardaş Türkiyə Respublikasına rəsmi səfəri dövlətlərimiz arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrini yeni, daha yüksək səviyyəyə qaldırmışdır. Həmin səfər çərçivəsində Ankarada Türkiyə və Azərbaycan Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Protokolun imzalanması ölkələrimizin hüquqi sahədə əlaqələrinin inkişafına yeni təkan vermişdir.
Bu əlaqələrin məntiqi davamı olaraq, Türkiyə Respublikasının Ədliyyə Naziri Doktor Hikmət Sami Türk mayın 1-də Azərbaycana rəsmi səfərə gəlmişdir.
Səfər zamanı Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında Müqavilənin və həmçinin Ədliyyə nazirlikləri arasında əməkdaşlıq Proqramının imzalanması nəzərdə tutulubdur. Bu mühüm sənədlərin imzalanması iki qardaş dövlətin qarşılıqlı faydalı əməkdaşlığının hüquqi bazasının genişləndirilməsi və daha da möhkəmələndirilməsi işinə böyük töhvə verəcəkdir.
Türkiyənin Ədliyyə Naziri Azərbaycana səfəri çərçivəsində bir sıra görüşlər keçirəcəkdir.