Türkiyə Milli Təhsil idarələri rəhbərlərinin ölkəmizə səfəri başa çatıb
Bakı, 18 aprel, AZƏRTAC
Ankara, İstanbul və İzmir Milli Təhsil idarələri rəhbərlərinin ölkəmizə səfəri başa çatıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, səfərin ilk günü BŞTİ-nin müdiri Rəşad Tağıyev, Ankara Təhsil İdarəsinin rəisi Turan Akpınar, İstanbul Təhsil İdarəsinin rəisi Levent Yazıcı, İzmir Təhsil İdarəsinin rəisi Ömer Yahşi və idarənin struktur bölmə rəhbərləri Fəxri xiyaban, Şəhidlər xiyabanı və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.
Üçgünlük səfər çərçivəsində BŞTİ-də Ankara, İstanbul və İzmir Milli Təhsil idarələrinin rəhbərləri ilə geniş tərkibdə görüş keçirilib. BŞTİ ilə qardaş ölkənin müvafiq təhsil idarələri arasında niyyət protokolu imzalanıb.
Türkiyəli qonaqlar, həmçinin 189-190 nömrəli və 138 nömrəli tam orta məktəblərdə, 268 nömrəli xüsusi məktəbdə olublar.
Qonaqlara məktəblərin fəaliyyəti və əldə olunmuş uğurlar haqqında geniş məlumat verilib. Görüşlər zamanı nümayəndə heyəti ümumi təhsil sahəsindəki inkişaf, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və sağlamlıq imkanları məhdud uşaqların cəlb olunduğu inklüziv təhsil sahəsi ilə maraqlanıblar.
Türkiyəli qonaqlar Azərbaycan Dövlət Pedaqoji Universiteti, Peşə Təhsili üzrə Dövlət Agentliyi və 5 saylı peşə məktəbinin fəaliyyəti ilə də tanış olublar.
Təhsil naziri Ceyhun Bayramovun iştirakı ilə nazirlikdə də görüş keçirilib.
Səfər çərçivəsində keçirilən görüşlərdə qardaş ölkə ilə təhsil sahəsində əlaqələri genişləndirmək və əməkdaşlıq çərçivəsində Bakı şəhəri ilə Ankara, İstanbul və İzmir şəhərlərinin ümumtəhsil müəssisələri arasında münasibətləri daha da inkişaf etdirməklə bağlı fikir müabidləsi aparılıb.
Qarşılıqlı əməkdaşlıqdan məmnun olduqlarını bildirən qonaqlar təhsil əlaqələrinin ölkələrarası münasibətlərin inkişafında mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.
Səfər çərçivəsində qonaqlar ölkəmizin tarixini, mədəniyyətini, milli adət-ənənələrini əks etdirən tarixi məkanlarda və muzeylərdə də olublar.