İDMAN
Türkiyə millisi Bakıya beynəlxalq turnirin qalibi kimi gəlir
Bakı, 22 may (AZƏRTAC). Xəbər verdiyimiz kimi, mayın 29-dan iyunun 5-dək Bakıda 17 yaşadək futbolçular arasında III “Caspian Cup” turniri keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, yarışda iştirak edəcək Türkiyənin U-16 yığması ölkəmizə qalib qismində gələcəkdir. Qardaş ölkənin təmsilçisi paytaxtımıza gəlməzdən əvvəl gücünü Ukraynada Viktor Bannikovun şərəfinə keçirilən ənənəvi beynəlxalq turnirdə sınamışdır.
Qrupunda Ukrayna (1:1), Polşa (2:1) və Belarusla (1:0) qarşılaşmış türkiyəli yeniyetmə futbolçular birbaşa finala vəsiqə qazanmışlar. Həlledici görüşdə isə baş məşqçi Hakan Tecimerin yetirmələri Rusiyalı həmyaşıdları ilə görüşmüş 59-cu dəqiqədə “Bursaspor”un hücumçusu Enes Ünalın qolu ilə rəqiblərini məğlub edərək çempion titulu qazanmışlar.
Türkiyə kollektivi “Caspian Cup” turnirin C qrupunda Özbəkistan və İordaniya komandaları ilə mübarizə aparacaqdır.