İQTİSADİYYAT
Türkiyə şirkəti “Şahdəniz-2” layihəsi çərçivəsində iki dəniz platforması inşa edəcəkdir
Bakı, 1 fevral (AZƏRTAC). Türkiyənin “Tekfen İnşaat” tikinti-quraşdırma şirkəti “Şahdəniz-2” layihəsi çərçivəsində iki dəniz platforması inşa edəcəkdir.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu barədə “Tekfen İnşaat” şirkətinin baş direktoru Levent Qafqazlı məlumat vermişdir.
Bundan əvvəl də Azərbaycanda neft platforması inşa etdiklərini vurğulayan L.Qafqazlı demişdir: “Şahdəniz”dən qazın quruya çıxarıldığı ilk məntəqədə platformanı bizim şirkət inşa edəcəkdir. Ötən illərdə Azərbaycanda üç neft platforması qurmuşuq. İndi 2 qaz platformasını eyni sahədə və eyni vaxtda inşa edəcəyik. Qazın emal olunacağı terminalı da şirkətimiz tikəcəkdir. İmzaladığımız layihələr 40 milyard dollarlıq layihənin təxminən 2 milyard dollarını təşkil edir. Bu böyüklükdə platforma inşa edən başqa bir türk şirkəti yoxdur.
Tikiləcək platformaların xüsusiyyətlərinə gəlincə, onların ümumi çəkisi Eyfel qülləsindən 3 dəfə ağır olacaqdır. Burada vertolyot meydançası da inşa ediləcəkdir. Platformaların tikintisində təxminən 4500 nəfər çalışacaqdır.
Xatırladaq ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” təbii qaz yatağı 1999-cu ildə kəşf edilmişdir. Təxminən 1 trilyon kubmetr qaz ehtiyatına malik “Şahdəniz” təbii qaz yatağı dünyada ən böyük yataqlardan biridir. “Şahdəniz-2” layihəsi çərçivəsində ildə 16 milyard kubmetr təbii qazın çıxarılması nəzərdə tutulur. Bunun 6 milyardının Türkiyəyə, 10 milyardının isə Avropaya ixracı planlaşdırılır. “Şahdəniz-2” çərçivəsində ilk hasilata 2018-ci ildə başlanması, 2023-cü ildə qaz həcminin 23 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.