DÜNYA
Türkiyə XİN-i xidməti və xüsusi pasport sahibi olan ölkə vətəndaşları ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
İstanbul, 11 dekabr, AZƏRTAC
Türkiyə mediasında xidməti və xüsusi pasport sahibi olan Türkiyə vətəndaşlarının 2020-ci ildən etibarən Avropa İttifaqına üzv ölkələrə səyahət edərkən Avropa Səyahət Məlumat və Avtorizasiya Sistemindən (ASMAS) xüsusi “icazə” alacaqları barədə xəbər yayılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən açıqlama verilib.
Məlumata əsasən, Şengen vizası tətbiq olunan bölgədə yaşamayan vətəndaşların Avropa İttifaqına girişi üçün ASMAS-dan “icazə” alınması barədə qərar 2018-ci ildə qəbul edilib. Bu qərarın tətbiqinə 2022-ci ildən başlanacaq.
Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən “icazə”nin türk vətəndaşlarına tətbiq edilməməsi istiqamətində işlər aparılıb. Bunun nəticəsi olaraq, adıgedən icazənin türk vətəndaşlarına tətbiq edilməyəcəyinə qərar verilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul