İDMAN
Türkiyəli atlet: Bakı mənim təsəvvür etdiyimdən də gözəl şəhərdir
![Türkiyəli atlet: Bakı mənim təsəvvür etdiyimdən də gözəl şəhərdir](/files/2015/2/1200x630/14344808894279528698_1200x630.jpg)
Bakı, 16 iyun, S.İsgəndərova, C.Rüstəmov, AZƏRTAC
İlk dəfədir Bakıdayam. Paytaxtınızın gözəlliyi haqqında çox eşitmişdim. Həqiqətən Bakı mənim təsəvvür etdiyimdən də gözəl şəhərdir.
Bunu AZƏRTAC-a müsahibəsində türkiyəli oxatan Yasemin Anagöz bildirib. O deyib: “İlk Avropa Oyunlarının Bakıda keçirilməsinə görə çox sevinirəm. Özümü vətənimdə hiss edirəm. Eyni dildə danışdığımız üçün insanlarla ünsiyyətim çox rahat alınır”.
Atletlər Kəndini bəyəndiyini söyləyən türkiyəli atlet onlar üçün yaradılan gözəl şəraitdən məmnunluğunu ifadə edib: “Bizə göstərilən diqqət xüsusi qeyd olunmalıdır. Zənnimcə, bu, sizin qonaqpərvərliyinizdən irəli gəlir. Həmçinin kamandan oxatma yarışlarının keçirildiyi Tofiq Bəhramov adına Respublika Stadionu da çox xoşuma gəldi. Ümumiyyətlə, ölkənizdə idmana göstərilən diqqət və qayğı təqdirəlayiqdir”.
Bu gün komanda yarışlarında aşağı nəticə göstərdikləri üçün təəssüflənən Yasemin Anagöz təkbətək yarışlarda uğurlu çıxış edəcəyinə əminliyini bildirib. İdmançı qeyd edib ki, hədəfi “Bakı-2015” ilk Avropa Oyunlarının qalib olmaqdır.