TÜRKİYƏNİN ƏDLİYYƏ NAZİRİ BAKIYA GƏLMİŞDİR
Türkiyənin ədliyyə naziri Cəmil Çiçək iyulun 3-də Bakıya gəlmişdir. Binə hava limanında hörmətli qonağı Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov mehribanlıqla qarşılamışdır. Ədliyyə nazirləri hava limanında jurnalistlərin suallarına cavab vermişlər. MÜXBİR: Cənab nazir, Azərbaycana xoş gəlmişsiniz. Bakıya səfərinizin məqsədi barədə nə deyə bilərsiniz? CƏMİL ÇİÇƏK: Mən Azərbaycana ilk dəfədir ki, gəlirəm. Bir neçə dəfə ölkənizə səfər etmək imkanım olmuşdur. Lakin hər dəfə Türkiyədə müəyyən məsələlər ortaya çıxdığına görə gələ bilməmişəm. Nəhayət, bu gün dost və qardaş ölkəyə gəldiyimə görə həddən artıq məmnunam. Mənimlə gələn nümayəndə heyəti ilə birlikdə burada qalacağımız günlərdə Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrini daha da inkişaf etdirmək, hüquq sahəsində iş birliyini daha da möhkəmləndirmək üçün görüşlər keçirəcək, danışıqlar aparacağıq. Azərbaycana səfərimizin məqsədi budur. Bir daha təkrar edirəm ki, dost və qardaş ölkədə olmağımdan qürur hissi duyuram. MÜXBİR: Cənab nazir, Azərbaycanla Türkiyə arasında ədliyyə sahəsində əlaqələrin indiki səviyyəsini necə qiymətləndirirsiniz? FİKRƏT MƏMMƏDOV: Azərbaycanla Türkiyə arasında çox sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq bütün sahələri əhatə edir. Mən bildirmək istərdim ki, dövlətlərimiz arasında hüquqi yardım haqqında müqavilələr imzalanmışdır və əməkdaşlığımız həmin sənədlərə uyğun olaraq həyata keçirilir. Eyni zamanda, 2001-ci ildə iki ölkənin ədliyyə nazirləri arasında əməkdaşlıq barədə protokol imzalanmışdır. Biz həmin protokola müvafiq olaraq əməkdaşlıq proqramları tərtib etmişik. Möhtərəm nazirin səfəri zamanı biz yeni proqramı da imzalamaq niyyətindəyik. X X X Həmin gün Türkiyənin ədliyyə naziri Cəmil Çiçək Azərbaycanın baş prokuroru Zakir Qaralovla görüşdü. Respublikanın baş prokuroru Azərbaycanda prokurorluq orqanlarının fəaliyyəti, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları barədə ətraflı məlumat verdi.Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinə dair fikirlərini söyləyən Zakir Qaralov iki ölkə arasında indiyədək imzalanmış 90-a qədər sənədin əhəmiyyətini nəzərə çarpdırdı. Bildirdi ki, Prezident Heydər Əliyevin Türkiyə rəhbərliyinin dəvəti ilə qardaş ölkəyə rəsmi səfərləri Azərbaycan-Türkiyə münasibətlərində zəngin və uzunmüddətli hüquqi baza yaratmışdır. Baş prokuror Azərbaycanın Ümumavropa ailəsinə inteqrasiyası üçün Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Əliyevin səylərinin uğurla nəticələndiyini vurğuladı. Türkiyənin ədliyyə naziri ətraflı məlumata görə təşəkkürünü bildirdi. Qeyd etdi ki, hər iki ölkədə qanunçuluğun qorunması, vətəndaşların hüquqlarının müdafiəsi sahəsində qazanılmış nailiyyətlər təqdirə layiqdir. Bu sahədə geniş təcrübə mübadiləsi imkanları vardır. X X X İyulun 3-də Türkiyənin ədliyyə naziri Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində oldu. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev türkiyəli qonağa Azərbaycanda həyata keçirilən demokratik dövlət quruculuğu, ölkəmizin dünya birliyinə daha sıx inteqrasiyası üçün görülən işlər barədə məlumat verdi. Ədliyyə naziri Cəmil Çiçək Azərbaycanın nailiyyətlərindən məmnun olduğunu bildirdi. O dedi ki, hüquqi sahədə işlərin ahəngdar davam etməsi ticarət-iqtisadi və digər münasibətlərə də öz müsbət təsirini göstərəcəkdir. Görüşdə Azərbaycanla Türkiyə arasında məhkəmə-hüquq sahəsində əlaqələrin daha da möhkəmləndirilməsinə dair fikir mübadiləsi aparıldı. Türkiyəli qonağa xatirə medalı və hədiyyə təqdim edildi.