İQTİSADİYYAT
Tvinninq layihəsi çərçivəsində Polşa Maliyyə Nəzarəti Agentliyinin əməkdaşlarının iştirakı ilə seminar keçirilir
Bakı, 14 mart (AZƏRTAC). Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Polşa Maliyyə Nəzarəti Agentliyinin əməkdaşlarının iştirakı ilə “Qanunvericilik və maliyyə alətləri bazarlarına dair təcrübənin icmalı” mövzusunda seminar keçirilir.
Komitənin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, seminar “Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı üzrə qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin institusional inkişafı” Tvinninq layihəsi çərçivəsində təşkil olunmuşdur.
Seminarda qiymətli kağızlar bazarının tənzimlənməsinə dair mövcud qanunvericiliyin Avropa Şurasının Maliyyə Alətləri Bazarlarına dair Direktivi (MİFİD) əsasında təhlili və qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının lisenziyalaşdırılması və attestasiyası mexanizmlərinə dair qarşılıqlı fikir mübadiləsi aparılır.
Seminar martın 15-də başa çatacaqdır.