Üç rayon üzrə müəllim və valideynlərin müraciətləri dinlənilib
Bakı, 13 aprel, AZƏRTAC
Aprelin 13-də Bakıdakı 308 nömrəli tam orta məktəbdə Qaradağ, Yasamal və Səbail rayonları üzrə müəllim və valideynlərin növbəti səyyar qəbulu keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, səyyar qəbula gələn vətəndaşlar məktəblərin təmiri, maddi-texniki təminatı, fənn kabinetləri, təhsil müəssisələrinin ətraf ərazilərinin abadlaşdırılması və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşlar tərəfindən qaldırılan bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.
BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.