DÜNYA
UKRAYNA JURNALİSTİ AVTOSTOPLA ON ÖLKƏYƏ SƏYAHƏT EDƏCƏKDİR
Kiyev, 10 iyul (AZƏRTAC). Ukrayna Müstəqil İnformasiya Agentliyinin yaydığı xəbərə görə, Çerniqovda yaşayan yazıçı-jurnalist Aleksandr Voloşşuk avtostopla onuncu səyahətini reallaşdıracaqdır.
Doğma şəhərində keçirilən mətbuat konfransında bu barədə məlumat verən jurnalistin sözlərinə görə, onun yubiley səyahəti iyulun 12-də Ukraynadan başlayıb 2011-ci il yanvarın 20-də başa çatacaqdır. Səyahətin marşrutu 10 ölkənin - Ukrayna, Azərbaycan, Rusiya, İran, Türkiyə, İraq, Suriya, İordaniya, Livan və Gürcüstanın ərazilərindən keçəcəkdir.
Həmin marşrutu təsadüfən seçmədiyini bildirən səyyah demişdir: “2005-ci ildə Şimali Qafqaza və 2007-ci ilin yanvarında Dağıstan, Çeçenistan və İnquşetiyaya ikinci səfərimdən sonra həmin bölgələrdə çoxlu dostlarım qalmışdır. Bu dəfə təkcə həmin bölgələrə gedib Qafqaz qonaqpərvərliyini yenidən hiss etməklə kifayətlənməyəcəm. Məndə bu yerlərin sakinlərinin adət-ənənələrini, mədəniyyətini dərindən öyrənmək arzusu yaranmışdır”.
A.Voloşşuk səyahətinin yarısını Qafqazda keçirmək, Mərkəzi Dağıstanın dağ kəndlərindən birində bir ay yaşamaq niyyətindədir. O, Ukraynadan Qafqaza çoxlu həmvətəninin yaşadığı Krasnodar diyarının ərazisindən getmək, Kabarda-Balkarda Rusiya Federasiyasının ən yüksək dağ zirvəsini - Elbrusu (5642 metr) fəth etmək, Azərbaycanla tanışlıqdan sonra Şərqi Türkiyə və Şimali İraqa yola düşmək niyyətindədir.
Avtostopla səyahət edəcək jurnalistin fikrincə, belə səyahət tamamilə təhlükəsizdir, çünki həmin ölkələrin insanları qonaqpərvər və mehribandırlar. O, Çerniqov vilayəti Jurnalistlər İttifaqı ilə əlaqə saxlayacaq, səyahətinin yekunlarına dair yeni kitab yazacaqdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev