DÜNYA
Ukrayna Prezidenti Aparatının rəhbəri: “Normand dördlüyü” formatının bərpası faktının özü artıq müsbət siqnaldır
![Ukrayna Prezidenti Aparatının rəhbəri: “Normand dördlüyü” formatının bərpası faktının özü artıq müsbət siqnaldır](/files/2022/1/1200x630/16432890171576236153_1200x630.jpg)
Kiyev, 27 yanvar, AZƏRTAC
Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak “Normand dördlüyü” liderlərinin müşavirlərinin Paris görüşünü bu danışıqlar formatının reanimasiyası adlandırıb. O qeyd edib ki, tərəflər əvvəlki razılaşmalara yenidən baxıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə Yermak görüşdən sonra keçirdiyi brifinqdə məlumat verib.
"Normand dördlüyü” formatının bərpası faktının özü artıq müsbət siqnaldır", - deyə A.Yermak vurğulayıb.
Prezident Aparatının rəhbəri qeyd edib ki, 8 illik müharibədən sonra Ukrayna yalnız danışığa yox, real işlərə və nəticələrə inanır. Onun sözlərinə görə, görüşdə əvvəlki sazişlərə və onların statusuna yenidən baxılıb.
“Hesab edirəm ki, bütün tərəflər iki həftə ərzində öz təkliflərini ortaya qoymaq üçün nəticə çıxarıblar”, - deyə Yermak əlavə edib.
Xatırladaq ki, yanvarın 26-da Parisdə “Normand dördlüyü” formatı - Ukrayna, Almaniya, Fransa və Rusiya liderlərinin müşavirlərinin görüşü keçirilib. Danışıqlar Ukrayna sərhədi yaxınlığında vəziyyətin gərginləşməsi fonunda baş tutub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev