ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 85 İLLİYİ QEYD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 25-də Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsində ulu öndərin anadan olmasının 85 illiyi ilə əlaqədar “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda tədbir keçirmişdir.
Komitənin sədri Yaşar Yusubov xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanması, dövlətçiliyimizin tam bərqərar olması, yüksək rifahlı cəmiyyətin formalaşması üçün göstərdiyi fədakarlıqlardan söhbət açmışdır. Dahi şəxsiyyətin həyata keçirdiyi taleyüklü tədbirlərin respublika əhalisinin yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət etdiyini vurğulayan natiq, bütün bunların böyük öndər Heydər Əliyevin öz xalqına və torpağına bağlılığından irəli gəldiyini diqqətə çatdırmışdır.
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Mirsalam Qəmbərov müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin həyat və fəaliyyətindən, mənalı ömrünün xalqına, doğma Azərbaycana həsr etdiyi illərindən danışmışdır.
Tədbirdə 1994-cü ildə ümummilli lider Heydər Əliyevin dəstəyi və qayğısı ilə qəbul olunmuş “Həmkarlar ittifaqı haqqında” Azərbaycan Respublikası Qanununun bu kütləvi quruma verdiyi müstəqillikdən, işçilərin sosial-iqtisadi hüquqlarını qorumaq sahəsində aparılan işlərdən, ulu öndərin elmə və elm adamlarına göstərdiyi diqqət və qayğıdan bəhs edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mərkəzi aparatının həmkarlar ittifaqı komitəsinin sədri Nəcəf Hüseynov ümummilli liderlə şəxsi görüşünün doğurduğu təəssüratdan söz açmışdır.
Geoloji planlaşdırma ekspedisiyasının baş geoloqu Qaytaran Allahyarov Naxçıvanda hündürlüyü 1400 metr olan İlandağın zirvəsində ümummilli lider Heydər Əliyevə heykəl qoyulmasını təklif etmişdir.