Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri var VİDEO
Bakı, 7 may, AZƏRTAC
Dövlət Sərhəd Xidmətində (DSX) xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə silsilə tədbirlər keçirilir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, xüsusi tədbirlər planına əsasən sərhədçi hərbi qulluqçuların xidməti ərazilərdə yerləşən Heydər Əliyev ideoloji mərkəzlərinə ekskursiyalar təşkil olunur, hərbi hissələrdə konfranslar, seminarlar, tematik axşamlar, disputlar keçirilir, Ulu Öndərin nəsillərə nümunə olan həyat və fəaliyyəti barədə filmlər nümayiş etdirilir, mühazirələr oxunur.
Bu tədbirlər çərçivəsində mayın 7-də Dövlət Sərhəd Xidmətinin Aparatında “Heydər Əliyev və Azərbaycan Sərhəd Mühafizəsi” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Tədbirdən əvvəl Dövlət Sərhəd Xidməti Aparatının hərbi qulluqçuları Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya ilə tanış olub və Ulu Öndərin büstünün önünə gül dəstələri qoyublar.
Dövlət himninin səslənməsi ilə başlanan rəsmi hissədə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən söz açılıb, tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmiş, Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi nümunəsi olan qüdrətli siyasi xadimin həyat və fəaliyyətindən danışıblar.
Konfransda Milli Məclisin deputatı Aydın Mirzəzadənin “Heydər Əliyev şəxsiyyəti Azərbaycan dövlətçiliyinin parlaq simvoludur” mövzusunda məruzəsi dinlənilib.
Konfrans iştirakçılarına Azərbaycan Sərhəd Mühafizəsinin inkişafına ulu öndər Heydər Əliyevin ali diqqət və qayğısını əks etdirən “Heydər Əliyev və Azərbaycan Sərhəd Mühafizəsi” mövzusu şərh edilib və Ulu Öndərin sərhədçilərlə görüşləri zamanı sərhəd təhlükəsizliyinin gücləndirilməsinə dair tapşırıq və tövsiyələri interaktiv təqdimat formasında nümayiş etdirilib.
Dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illərin intibah, milli tərəqqi, müstəqil dövlət quruculuğu dövrü olduğunun qeyd edildiyi tədbirdə böyük dövlət xadiminin müstəqil Azərbaycanın sərhəd mühafizəsinin inkişafındakı misilsiz xidmətləri minnətdarlıq hissi ilə xatırlanıb. Ulu Öndərin müəllifi olduğu milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə yerinə yetirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində Dövlət Sərhəd Xidmətinin sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir olan bir quruma çevrilməsi qürur hissi ilə vurğulanıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurların ümummilli lider Heydər Əliyevin əmanət qoyub getdiyi ideyaların təntənəsi olduğu xüsusi qeyd olunub.
Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.