Ulu öndər Heydər Əliyevin həyatı və çoxşaxəli siyasi fəaliyyəti gənclər üçün örnəkdir
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Azərbaycan Dillər Universitetində (ADU) “Heydər Əliyev və Azərbaycan gəncləri” mövzusunda “dəyirmi masa” keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə tərbiyə işləri üzrə prorektor Sərraf Hüseynov ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünün Azərbaycanda və bir çox ölkələrdə xüsusi qeyd edildiyini bildirib. O, ADU-da bu münasibətlə “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfransın keçirildiyini xatırladıb. ADU-da başlayan konfransın bölmələrinin Azərbaycana dost olan 10 ölkənin 14 müxtəlif universitetində keçirildiyini bildirib. Prorektor hər bir bölmədə həmin ölkələrlə Azərbaycanın arasındakı dostluq əlaqələrinin qurulmasında Ulu Öndərin rolunun daha aydın və ətraflı şəkildə iştirakçılara çatdırıldığını deyib.
S.Hüseynov Ulu Öndərin təhsilə, elmə böyük önəm verdiyini, onun hakimiyyəti dövründə gənclərin xaricə təhsil almağa göndərildiyini, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.
Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev çıxış edərək ümummilli lider Heydər Əliyev haqqında xatirələrini iştirakçılarla bölüşüb. O, Ulu Öndərin Azərbaycan dövləti, milləti, gəncliyi üçün gördüyü işlərdən danışaraq onun gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab etdiyini bildirib.
Təhsil fakültəsinin III kurs tələbəsi Rəna Süleymanlı müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyatı və çoxşaxəli siyasi fəaliyyətinin gənclər üçün örnək olduğunu vurğulayıb. R.Süleymanlı ulu öndər Heydər Əliyevin hər zaman gənclərin fəaliyyətinə xüsusi önəm verdiyini qeyd edib.
Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri Aqşin Rüstəmov tələbəlik illərindən danışaraq Ümummilli Liderin gənclərə hər zaman xüsusi dəyər verdiyini bildirib. O, Heydər Əliyevin gənclərin təhsil almasına önəm verdiyini deyərək hər il minə yaxın tələbənin xaricə təhsil almağa göndərildiyini və onların məzun olub ölkəmizə qayıtdıqdan sonra işlə təmin olunduqlarını qeyd edib.
Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının əməkdaşı Elçin İbrahimov dahi rəhbər Heydər Əliyevin Azərbaycan dili ilə bağlı gördüyü işlərdən bəhs edib. O, Ulu Öndərin ana dilinə həmişə xüsusi diqqət göstərdiyini deyərək 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladığını qeyd edib. E.İbrahimov tarixi əhəmiyyət kəsb edən bu sənədin dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynadığını vurğulayıb.
“Dəyirmi masa” müzakirələrlə davam edib.