Ulu Öndərin xalqımız qarşısındakı misilsiz xidmətləri illər keçdikcə daha dərindən dərk edilir
Qax, 10 may, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanı canı qədər sevən, ürəyi daim xalqının səadəti, xoşbəxtliyi uğrunda döyünən, ölkəsini azad və müstəqil görmək istəyən ümummilli lider Heydər Əliyevin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq unudulmaz tarixdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü respublikamızın şimal-qərb bölgəsi rayonlarında da rəngarəng tədbirlərlə qeyd olunub.
Qax rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan silsilə tədbirlər bir neçə gündür davam edir. Ulu Öndərin doğum günü ərəfəsində rayonun idarə, müəssisə və təşkilatlarında elmi-praktiki konfranslar, ümumtəhsil məktəblərində şeir, inşa yazı və rəsm müsabiqələri keçirilib, idman yarışları təşkil olunub. Dahi rəhbərin doğum günü şərəfinə təşkil edilən gül və ağacəkmə aksiyaları zamanı Qax şəhərinin park və xiyabanlarında 13 mindən çox bəzək və gül kolları, həmçinin şəhər ərazisində və avtomobil yollarının kənarlarında 1500 ədəd müxtəlif növ ağac əkilib.
Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə mayın 10-da rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri dahi rəhbərin şəhərin mərkəzi meydanında ucalan abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Heydər Əliyev Mərkəzində keçirilən elmi-praktiki konfransda çıxış edənlər bütün həyatını və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr etmiş Ümummilli Liderin Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən bəhs edib, onun əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını, heç vaxt yaddaşlardan silinməyəcəyini bildiriblər.
Konfransın sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.
X X X
XX əsr bəşəriyyətə çox görkəmli dövlət xadimləri, müdrik rəhbərlər, bacarıqlı dövlət başçıları bəxş edib. Belə dahi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevdir. Xalqımız ona görə xoşbəxtdir ki, Azərbaycana Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Məhz bu dahi şəxsiyyətin səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoyub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ulu Öndərin anadan olmasının 95-ci ildönümü münasibətilə mayın 10-da Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “XX əsr bəşər tarixinin parlaq şəxsiyyəti” mövzusunda tədbirdə səsləndirilib.
Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri əvvəlcə dahi rəhbərin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində məktəblilərin əl işlərindən ibarət sərgiyə baxıblar.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan, Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən danışıb. Bildirilib ki, Ulu Öndərin xalqımız qarşısındakı misilsiz xidmətləri illər keçdikcə daha dərindən dərk edilir, əsl qiymətini alır.
Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim olunub.
Tədbir konsert proqramı ilə başa çatıb.
X X X
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Balakən rayonunda da silsilə tədbirlərlə qeyd olunub.
Rayon ictimaiyyətinin nümayəndələri mayın 10-da Balakən şəhərindəki mədəniyyət və istirahət parkına gələrək, Ulu Öndərin dağüstü yüksəklikdə ucalan abidəsi önünə gül-çiçək düzüb, dahi şəxsiyyətin ölməz ruhu qarşısında baş əyiblər.
Mədəniyyət Mərkəzində keçirilən tədbirdə çıxış edənlər Heydər Əliyevin zəngin həyat yolu, xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətləri barədə danışıb, Ulu Öndərə sonsuz məhəbbət və ehtiramlarını bildiriblər.
Qeyd olunub ki, müasir Azərbaycan tarixinin yaradıcısı olan Heydər Əliyev xalqımızın qürur mənbəyi, tarixi bir şəxsiyyət olaraq yaddaşlara əbədi həkk olunub. Harada olmasından asılı olmayaraq, dünyanın istənilən yerində hər bir azərbaycanlı Heydər Əliyev şəxsiyyətini əziz xatirə kimi daim yad edir.
Tədbirin sonunda Ulu Öndərə həsr edilən ədəbi-bədii kompozisiya nümayiş olunub.