ÜMUMDÜNYA DONOR GÜNÜ AZƏRBAYCANDA DA QEYD OLUNACAQ
Nazirliyin baş hematoloqu professor Çingiz Əsədov bildirmişdir ki, Azərbaycanda donor qanına ehtiyacı olanların sayı çoxdur. Ölkəmizdə təkcə irsi qan xəstəliklərindən – talassemiya və hemofiliyadan təxminən 2 min nəfər əziyyət çəkir. Azərbaycanda “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş xəstələrə dövlət qayğısı haqqında”, “Qanın və qan komponentlərinin donorluğu və qan xidməti haqqında” qanunlar, hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı və Qanın, qan komponentlərinin və qan xidmətinin inkişafına dair Dövlət Proqramı qəbul edilmişdir. Donorların vahid registrinin, qanın keyfiyyətinə və onun komponentlərinə nəzarət laboratoriyasının yaradılması, qan xidməti müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, qanın və onun komponentlərinin vahid standartlarının təsdiqi nəzərdə tutulmuşdur.
2004-cü ildən BMT İnkişaf Proqramı və Norveç Qırmızı Xaç Cəmiyyəti tərəfindən maliyyələşdirilən “Azərbaycanda qan xidmətinin bərpası” layihəsi həyata keçirilir. 2005-ci ildə ölkədə donorların sayı 22 min 862 nəfərə çatmışdır. Lakin dünyanın inkişaf etmiş ölkələrində hər min nəfərə 40-45 donor düşdüyü halda, Azərbaycanda bu göstərici cəmi 3 nəfərdir. Ölkənin baş hematoloqu yaxın beş ildə donorların sayının 3 dəfə artacağına ümid bəslədiyini vurğulamışdır.
Mətbuat konfransında iştirak edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə bildirmişdir ki, iyunun 14-də Rəşid Behbudov adına Mahnı Teatrında Ümumdünya Donorlar gününə həsr olunmuş aksiya keçiriləcəkdir.