REGİONLAR
Ümummilli Liderin doğum günü Şəki-Zaqatala bölgəsində silsilə tədbirlərlə qeyd edilib
Şəki-Zaqatala bölgəsi, 11 may, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanı canı qədər sevən, ürəyi daim xalqının səadəti, xoşbəxtliyi uğrunda döyünən, ölkəsini azad, müstəqil və inkişafda görmək istəyən ümummilli lider Heydər Əliyevin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq unudulmaz tarixdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü respublikamızın şimal-qərb bölgəsi rayonlarında da rəngarəng tədbirlərlə qeyd edilib.
Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən bayram tədbirinin iştirakçıları əvvəlcə Ulu Öndərin Mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildiriblər.
Şəhər rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Ümummilli Liderin xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətlərindən danışılıb. Bildirilib ki, XX əsrin sonu Azərbaycan xalqının həyatında mühüm bir dövrdür. 1993-cü ildə Azərbaycan xalqı dünyanın ən böyük siyasət adamını yenidən hakimiyyətə gətirib. Ötən illərdə Ulu Öndərin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan edib, Azərbaycan məhv olmaq təhlükəsindən qurtarılıb və gələcəyə inamla baxan güclü bir dövlətə çevrilib. Qeyd olunub ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan nəinki regionun, hətta dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkəsinə çevrilib.
Tədbirdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş budo döyüş növləri üzrə beynəlxalq çempionatın Şəki şəhərindən olan qaliblərinə diplom və mükafatlar təqdim olunub.
Sonra bayram tədbiri konsert proqramı ilə davam edib.
X X X
Qax rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan silsilə tədbirlər bir neçə gündür davam edir. Ulu Öndərin doğum günü ərəfəsində rayonun idarə, müəssisə və təşkilatlarında elmi-praktik konfranslar, ümumtəhsil məktəblərində şeir, inşa yazı və rəsm müsabiqələri keçirilib, idman yarışları təşkil olunub. Qax şəhərinin park və xiyabanlarında ağacəkmə aksiyaları keçirilib, yeni yaşıllıqlar salınıb.
Ulu Öndərin anadan olmasının 96-cı ildönümü münasibətilə keçirilən ümumrayon tədbirinin iştirakçıları dahi rəhbərin şəhərin mərkəzi meydanında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Heydər Əliyev Mərkəzində keçirilən elmi-praktik konfransda çıxış edənlər bütün həyatını və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr etmiş Ümummilli Liderin Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən söz açıb, onun əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını, heç vaxt yaddaşlardan silinməyəcəyini bildiriblər.
Konfransın sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
X X X
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Balakən rayonunda da silsilə tədbirlərlə qeyd olunub.
Rayon ictimaiyyətinin nümayəndələri Balakən şəhərindəki mədəniyyət və istirahət parkına gələrək, Ulu Öndərin dağüstü yüksəklikdə ucaldılan abidəsi önünə gül-çiçək düzüb, dahi şəxsiyyətin ölməz ruhu qarşısında baş əyiblər.
Mədəniyyət Mərkəzində keçirilən tədbirdə çıxış edənlər Heydər Əliyevin zəngin həyat yolu, xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətləri barədə danışıb, dahi rəhbərə sonsuz məhəbbət və ehtiramlarını bildiriblər.
Tədbirin sonunda Ulu Öndərə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
X X X
Qəbələdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş ümumrayon tədbiri keçirilib. Ulu Öndərin adını daşıyan parka toplaşan rayon ictimaiyyətinin nümayəndələri dahi rəhbərin abidəsi önünə gül dəstələri qoyaraq, görkəmli dövlət xadiminin əziz xatirəsinə böyük ehtiramlarını bildiriblər.
X X X
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Oğuz rayonunda da silsilə tədbirlərlə qeyd olunub.