“UNEC-də bir gün” layihəsi abituriyentlərə dəstək olur
Bakı, 18 aprel, AZƏRTAC
Abituriyentlərin sevimli layihəsi olan “UNEC-də bir gün” davam edir. Layihə çərçivəsində bu həftə Bakının 71, 229, 234, 271, 329 nömrəli məktəblərinin, Atatürk Liseyinin, kimya-biologiya təmayüllü respublika liseyinin və “Zəka” kurslarının şagirdləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) bir günlük tələbələri olublar.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, I, II və V ixtisas qrupları üzrə hazırlaşan abituriyentlərə müvafiq fakültə və ixtisaslar barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, 600-dən çox bal toplayaraq UNEC-i seçən abituriyentlərə universitetin 100 manat məbləğində xüsusi təqaüdü verilir. UNEC-in beynəlxalq mübadilə və Avropanın nüfuzlu universitetləri ilə ikili diplom proqramları abituriyentlərin xüsusi marağına səbəb olub. Sonra bir günlük tələbələr istəklərinə uyğun olaraq, Azərbaycan və ingilis dilində dərsləri dinləyib, UNEC-in tələbə-rektoru Elmir Sadıqovla görüşüblər. UNEC-dəki təhsil imkanlarından bəhs edən E.Sadıqov universitet seçimində UNEC-ə üstünlük vermə səbəblərini də açıqlayıb.
Bir günlük tələbələr, həmçinin UNEC Yaradıcılıq Mərkəzinin üzvləri ilə tanış olub, onların məşq prosesini izləyiblər. Abituriyentlərə mərkəzdə fəaliyyət göstərən dərnəklər barədə məlumat verilib, tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün universitetdə hər cür şəraitin yaradıldığı bildirilib.
Layihə çərçivəsində bir günlük tələbələr üçün UNEC-də infotur təşkil olunub. Onlar 24/7 kitabxana, müasir texniki avadanlıqla təchiz olunmuş auditoriyalar, akt zalları, “Radio UNEC”lə tanış olublar.
“UNEC-də bir gün” layihəsinin ixtisas seçiminə onlara böyük dəstək olduğunu bildirən abituriyentlər dərs cədvəli ilə tanış olaraq, növbəti günlərdə də digər fənləri dinləmək üçün yenidən 1 günlük tələbə olacaqlarını qeyd ediblər.
“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 492-60-43 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi “Facebook” səhifəsi ilə əlaqə saxlaya bilərlər.