ELM VƏ TƏHSİL
UNEC-də Xarici Dil Müəllimlərinin II Beynəlxalq Forumu keçirilib
![](/files/galleryphoto/2024/2/1200x630/17183695385884755862_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17183695385985350326_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17183695381118527249_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17183695383406659515_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1718369538574550005_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1718369538928344508_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17183695383974858263_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17183695383460420737_1200x630.jpg)
Bakı, 14 iyun, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı (UNEC), Azərbaycan Dövlət Pedaqoji Universitetinin və “British Council” təşkilatının dəstəyi ilə “Ekodilçilik” mövzusunda Xarici Dil Müəllimlərinin II Beynəlxalq Forumu (IFFT 2024) keçirilib.
Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib.
Tədbirin açılışında çıxış edən UNEC rektoru professor Ədalət Muradov bildirib ki, forum “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunub və “Yaşıl UNEC” ili çərçivəsində təşkil olunan növbəti beynəlxalq tədbirdir. Rektor COP29-da qlobal səviyyədə ekomüzakirələrin aparılacağına diqqət çəkərək, dilçilik sahəsində ekoloji forumun keçirilməsinin və ekolinqvistika məfhumunun Azərbaycan dili sahəsinə töhfə olacağını qeyd edib.
UNEC-də xarici dilin tədrisində tətbiq olunan yeniliklərdən söz açan rektor bu istiqamətdə İqtisad Universitetinin 70 illik yubileyində çıxış etmiş Ulu Öndərin tövsiyələrinin əsas götürüldüyünü deyib. Rektor UNEC məzunlarının yüksək səviyyədə xarici dil biliklərinə yiyələnmələri üçün ingilis dilinin tədrisinin müddətinin iki ilədək artırıldığını, tələbələrin biliyinin beynəlxalq təcrübəyə uyğun olaraq, dörd bacarıq üzərindən qiymətləndirildiyini qeyd edib. Ə.Muradov xarici dil müəllimlərinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən yeniliklərdən və stimullaşdırıcı tədbirlərdən də danışıb.
Forumda çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld UNEC-in “British Council” ilə əməkdaşlığının uğurla davam etdirilməsindən məmnunluğunu ifadə edərək, keçirilən forumun dilçilik sahəsi üçün önəmli rol oynadığını bildirib. Səfir dünyada baş verən ekoloji problemlərə toxunaraq, dilçiliklə bağlı ekoforumun təşkil olunmasını yüksək qiymətləndirib və ekosistemin bütün sahələrdə qorunmasının önəmini vurğulayıb.
UNEC-in Xarici dillər departamentinin direktoru dosent Aysel Xəlilovanın moderatorluğu ilə keçirilən tədbirin açılışı Azərbaycan Dövlət Pedaqoji Universitetin prorektoru professor Mahirə Hüseynova və “British Council” təşkilatının imtahan xidmətləri meneceri Nərgiz Əkbərovanın mövzuya dair çıxışları ilə davam edib.
Dörd yüzdən çox iştirakçının qatıldığı forumun ikinci hissəsində dilçilik və ətraf mühitin öyrənilməsi sahələri ilə bağlı təqdimatlar olub.
Tədbir çərçivəsində iştirakçılara dibçəkdə lavanda çiçəkləri də hədiyyə olunub.
Forum UNEC-in rəsmi feysbuk səhifəsində canlı yayımlanıb.