UNİVERSİTET TƏHSİLLİ QADINLAR CƏMİYYƏTİNİN SƏDRİ TAMAM CƏFƏROVANIN ÇIXIŞI
Hörmətli konfrans iştirakçıları! Mən sizin hamınızı ”Yeni Azərbaycan naminə” ictimai hərəkatın ilk təşəbbüs qrupu adından bir daha salamlayıram və bizim başladığımız bu mötəbər hərəkatda hamımıza uğurlar arzulayıram. Mən burada qeyri-hökumət təşkilatını və vətəndaş cəmiyyətini təmsil edirəm. Məni çox sevindirir ki, bu zalda mötəbər ziyalılarla, mədəniyyət, elm xadimləri ilə yanaşı, qeyri-hökumət təşkilatlarının nümayəndələri də əyləşiblər. Bu da təbiidir. Qeyri-hökumət təşkilatları bir neçə ay bundan öncə özləri ayrılıqda və birləşərək təşəbbüs qrupları yaradırdılar ki, möhtərəm Prezidentimiz Heydər Əliyevin namizədliyini növbəti seçkilərdə dəstəkləsinlər. Mənə elə gəlir ki, bu gün qeyri-hökumət təşkilatlarının nümayəndələrinin mədəniyyət, incəsənət, elm xadimləri ilə bir yerdə əyləşməsi və bir hərəkatda birləşməsi çox təqdirəlayiqdir və təbii prosesdir.Burada möhtərəm Prezidentimizin hakimiyyətdə olduğu illərdə görülən işlərdən çox danışıldı. Mən onları təkrarlamaq istəməzdim. Lakin bir şeyi vurğulamaq istərdim ki, əgər bizdən opponentlərimiz soruşsalar ki, bu hərəkat nə üçün yaradılıb və siz niyə bu cür xalq hərəkatı formasında bu namizədi dəstəkləyirsiniz? Mən qısa cavab verərdim ki, sadəcə, Azərbaycanda on ildə olan hadisələri nəzərdən keçirin. Onda başa düşərsiniz ki, möhtərəm Prezidentimiz Heydər Əliyevin hakimiyyəti illərində hansı işlər görülmüşdür. Bəli, bu gün Azərbaycanda hüquqi dövlət, vətəndaş cəmiyyəti qurulmuşdur. Bizim burada əyləşməyimiz həmin vətəndaş cəmiyyətinin, demokratiyanın əsl təzahürlərindən biridir. Mən qadın cəmiyyətinin rəhbəri və qadınların nümayəndəsi kimi, son on ildə Azərbaycanda qadınlar üçün yaradılan şəraitdən danışmaq istərdim. Bu gün Azərbaycan qadınlarla bağlı əksər beynəlxalq konvensiyalara qoşulubdur. Azərbaycanın qanunları beynəlxalq standartlara uyğunlaşdırılıb. Azərbaycanda qadın hüquqları ilə bağlı milli mexanizm formalaşıb, milli fəaliyyət proqramı qəbul olunubdur. Möhtərəm Prezidentimiz Azərbaycan qadınlarının fəallığını daha da artırmaq üçün çox vacib Fərmanlar imzalayıbdır. Sizi inandırıram ki, ən inkişaf etmiş ölkələrdən Azərbaycana nümayəndələr gələndə respublikamızda bu cür hüquqi bir məkanın yaradılması onları heyran qoyur. Biz qonşu ölkələrdə tez-tez oluruq. Bu fərqi orada da hiss edirik ki, Azərbaycan bütün məsələlərdə olduğu kimi, qadın hüquqları ilə bağlı məsələlərdə də öndə gedir. Mən sizə bildirmək istərdim ki, biz tez-tez rayonlarda oluruq, həm lider qadınlarla, həm qaçqın qadınlarla, həm də müxtəlif qruplardan olan qadınlarla görüşürük. Seminarlarımızın mövzularından asılı olmayaraq, qadınlar həmişə istər-istəməz prezident seçkiləri məsələsinə toxunurlar. Ümumi fikir birdir ki, bütün xalq, bütün qadınlar möhtərəm Heydər Əliyevin namizədliyini dəstəkləyir. Bir neçə gün əvvəl rayonların birində idim. Mənim yanımda siyasətdən tamamilə uzaq bir xanım da əyləşmişdi. Söhbət əsnasında o xanım mənə dedi, iqtidar deyəndə ki, xalq Heydər Əliyevi sevir, nədənsə bunu müxalifət qısqanır. Çünki mən də görürəm ki, doğrudan da camaat Heydər Əliyevi sevir. Bunu inkar etmək olmaz. Bəli, xalq Heydər Əliyevi sevir. Qadınlarımız da cənab Heydər Əliyevin namizədliyini dəstəkləyirlər. Bu gün bizim yaratdığımız “Yeni Azərbaycan Naminə” ictimai hərəkat həyata vəsiqə qazanır. Əslində, bu hərəkat çoxdan başlamışdır. Sadəcə, biz bu gün bu hərəkatı bir hədəfə yönəldirik. Bizim, cənab Heydər Əliyevi dəstəkləmək istəyimiz nədən doğur? Bu, Azərbaycan dövlətçiliyini dəstəkləməkdir. Bu, sabit Azərbaycanı dəstəkləməkdir. Bu, qüdrətli Azərbaycanı dəstəkləməkdir. Hamınıza bu yolda uğurlar arzulayıram.