CƏMİYYƏT
Vankuverdəki icmamız Kanada ictimaiyyətinin diqqətini Edilli cinayətinə yönəldib
![](/files/galleryphoto/2022/3/1200x630/16656644005764329867_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1665664400399264975_1200x630.jpg)
Bakı, 13 oktyabr, AZƏRTAC
Kanadanın Vankuver şəhərində yaşayan Azərbaycan icması Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqlarla bağlı Kanada ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcanın adından Birləşmiş Millətlər Təşkilatı, “Human Rights Watch”, “Amnesty International”, “Freedom House” və digər beynəlxalq təşkilatlara ünvanlanan müraciətdə Vankuverdə yaşayan Azərbaycan əsilli kanadalıların Edilli faciəsindən dəhşətə gəldiyinə və hiddətləndiyinə diqqət cəlb edilib.
Qeyd edilib ki, Edillidə aşkar olunmuş qalıqlar Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılara məxsusdur. Ermənistanın indiyədək 4000-dək azərbaycanlının taleyi və kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırdığı, 30 illik işğal dövründə xalqımıza və ölkəmizə qarşı törətdiyi müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlətmək məqsədi güddüyü vurğulanıb.
Edilli faciəsi Ermənistanın növbəti hərbi cinayətinin ifşası kimi qiymətləndirilib.
Mərkəz rəhbəri Kanada ictimaiyyətini və beynəlxalq birliyi müxtəlif vaxtlarda etnik zəmində xalqımıza qarşı törətdiyi sülh və insanlıq əleyhinə cinayətlərə görə Ermənistandakı cavabdeh şəxslərin hüquqi müstəvidə məsuliyyətə cəlb olunması istiqamətində təcili addımlar atmağa çağırıb.