SİYASƏT
Vaşinqtonda Amerika-Azərbaycan diplomatik münasibətləri yaradılmasının 20 illiyinə həsr edilmiş konfrans keçiriləcəkdir
Bakı, 18 aprel (AZƏRTAC). Aprelin 25-26-da Vaşinqtonda ABŞ ilə Azərbaycan arasında diplomatik münasibətlər yaradılmasının 20 illiyinə həsr edilmiş konfrans keçiriləcəkdir.
AZƏRTAC konfransın rəsmi saytına istinadla xəbər verir ki, “Amerika-Azərbaycan münasibətləri: gələcəyə baxış” mövzusunda tədbir iki ölkənin ticarət, energetika və humanitar sahələrdə tərəfdaşlığına həsr edilmişdir.
Konfransın təşkilatçıları arasında ABŞ-da fəaliyyət göstərən “Turquoise Council of Americans and Eurasians” təşkilatı (Türkiyə), “ABŞ Azərbaycanlılar Şəbəkəsi” (USAN) ictimai təşkilatı, Con Hopkins Universiteti və Xəzər Strateji İnstitutu vardır.
Tədbirdə Azərbaycandan və ABŞ-dan olan ekspertlərin, biznes nümayəndələrinin və siyasi xadimlərin iştirak edəcəyi gözlənilir.
Konfransın saytında göstərilir ki, 20 illik əməkdaşlıq dövründə Azərbaycan ABŞ üçün həm regionda, həm də dünya miqyasında mühüm strateji tərəfdaşa çevrilmişdir. Keçən ilin oktyabr ayında Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi sülhün və təhlükəsizliyin dəstəklənməsi işində ölkəmizin rolunun artmasına dəlalət edir.
ABŞ və Azərbaycan terrorizmə və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlıq edirlər. Azərbaycanlı əsgərlər NATO-nun Əfqanıstanda sülhyaratma missiyasına iştirak edirlər. Əfqanıstana qeyri-hərbi təyinatlı yüklərin daşınmasında Alyans üçün çox mühüm hava marşrutu da Azərbaycan səmasından keçir.
Enerji resurslarının Xəzər regionundan Avropa İttifaqı ölkələrinə nəql edilməsi üçün yaradılmış “Cənub qaz dəhlizi” ABŞ-ın və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinin mühüm elementidir.
Azərbaycan həm də Cənubi Qafqazda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır.