CƏMİYYƏT
Vergi cinayətləri üzrə sübutların toplanmasının aktual problemləri, istintaq hərəkətlərinin tətbiqinə dair seminara yekun vurulub
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Respublikası Baş prokurorunun müvafiq sərəncamına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi ilə birgə Xidmətin əməkdaşları üçün distant formada “Vergi cinayətləri üzrə sübutların toplanmasının aktual problemləri, istintaq hərəkətlərinin tətbiqi metodikası” mövzusunda birgə təlim keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimçi qismində tədbirə Mərkəzin işçiləri ilə yanaşı, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin, Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının, habelə Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarələrinin və tabe prokurorluqlarının əməkdaşları cəlb ediliblər.
Təlimdə təhlil materiallarından və müasir informasiya-kommunikasiya texnologiyalardan geniş istifadə etməklə, Tədris proqramında nəzərdə tutulmuş mövzular üzrə 15 məşğələ vaxtında və səmərəli keçirilib, tədris edilmiş məşğələlərin əksəriyyətinin elektron mətni dinləyicilərə təqdim olunub.
Dinləyicilərin sayı 10 nəfər olmaqla, təlimdə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin müstəntiqləri və Əməliyyat idarəsinin rəhbər işçiləri dinləyici qismində iştirak ediblər.
Bundan əlavə, “Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlığa dair” imzalanmış Memoranduma əsasən təcrübə mübadiləsi məqsədilə təlimə, həmçinin Akademiyanın Hüquq kafedrasının müəllim heyətinin 14 üzvü müşahidəçi qismində qatılıb.
Təlimin yekununa dair müzakirələrdə dinləyicilər əldə etdikləri bilik və bacarıqlardan, müşahidəçilər isə tədrisin təşkilindən, seçilmiş mövzulardan və onların tədrisindən razılıqlarını ifadə ediblər.
Baş Prokurorluqla tərəfdaş dövlət orqanları və ali təhsil müəssisələri ilə birgə bu qəbildən olan tədbirlərin keçirilməsi vahid istintaq təcrübəsinin formalaşmasına, tədris sahəsində fəaliyyətin səmərəliyinin daha da artırılmasına mühüm töhfələr verir.