İQTİSADİYYAT
Vergilər Nazirliyinin informasiya təhlükəsizliyi idarəetmə sistemlərinin beynəlxalq standartlara uyğunluğu təsdiq edilib
![Vergilər Nazirliyinin informasiya təhlükəsizliyi idarəetmə sistemlərinin beynəlxalq standartlara uyğunluğu təsdiq edilib](/files/2016/3/1200x630/14814740101278253_1200x630.jpg)
Bakı, 11 dekabr, AZƏRTAC
Son illər vergi inzibatçılığında informasiya texnologiyalarının geniş tətbiqi və Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) texniki imkanlarının genişləndirilməsi vergi ödəyicilərinə göstərilən xidmətlərin kəmiyyət və keyfiyyətinin artırılmasına, geniş elektron xidmətlər təqdim edilməsinə şərait yaratmaqla yanaşı, vergi xidmətində yaradılan, toplanılan və mübadilə edilən məlumatların və sənəd dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Bu da öz növbəsində vergi orqanları tərəfindən istifadə olunan informasiya resurslarının təhlükəsizliyinin təmini, onların təhlükəsiz idarəsi, kommersiya sirri təşkil edən məlumatların qorunması üzrə daha təkmil vasitələrin tətbiqi zərurətini meydana çıxarıb.
Bu barədə AZƏRTAC-a Vergilər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, informasiya resurslarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Vergilər Nazirliyinin İnformasiya Təhlükəsizliyinin İdarəetmə Şurası tərəfindən qısa müddət ərzində bu sahədə konkret tədbirlər həyata keçirilib, informasiya təhlükəsizliyinin idarə edilməsi sisteminin yaradılması, istismarı, daim nəzarətdə saxlanılması və təkmilləşdirilməsi üçün beynəlxalq standartların tətbiqi istiqamətində də işlər görülüb.
Görülən işlərin nəticəsi olaraq, Şura tərəfindən informasiya təhlükəsizliyi idarəetmə sistemlərinin (İTİS) 31 qaydası təsdiq edilib.
Vergilər Nazirliyi informasiya təhlükəsizliyi idarəetmə sistemlərinin beynəlxalq sertifikasiyadan keçirilməsi təşəbbüsü ilə çıxış edib və 2015-ci ildə Britaniya Standartları İnstitutu (BSİ) nazirliyin informasiya təhlükəsizliyi sahəsində auditini həyata keçirib. Auditin nəticələrinə görə, informasiya sistemi təhlükəsizliyinin standarta uyğunluğu müəyyən edilib. Beləliklə, Vergilər Nazirliyi beynəlxalq sertifikasiyadan keçərək İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri İSO/İEC 27001:2013 beynəlxalq sertifikatına layiq görülüb.
Razılaşdırılmış cədvələ uyğun olaraq, informasiya təhlükəsizliyi idarəetmə sistemlərinin tələb olunan beynəlxalq standarta uyğunluğunun yoxlanılması məqsədilə 2016-cı ildə Britaniya Standartları İnstitutu növbəti nəzarət auditi keçirib. Audit zamanı uyğunsuzluq aşkar edilməyib və informasiya təhlükəsizliyi idarəetmə sistemlərinin mövcud vəziyyəti bir daha təsdiq edilib.
Ötən dövr ərzində Vergilər Nazirliyinə xidmət göstərən müstəqil təsərrüfat subyektlərinin də müvafiq sertifikasiyadan keçməsi istiqamətində tədbirlər həyata keçirilib. Belə təsərrüfat subyektlərindən biri artıq İSO 20000 sertifikasiyasından uğurla keçərək həmin sertifikata layiq görülüb. Bu sertifikat nəinki Vergilər Nazirliyində, həmçinin ona xidmət göstərən müstəqil təsərrüfat subyektlərində də informasiya təhlükəsizliyinin qorunması işinin beynəlxalq təcrübəyə əsaslanmaqla həyata keçirildiyini və yüksək tələblərə cavab verdiyini göstərir.