REGİONLAR
Vətən müharibəsi şəhidi mayor Vüqar Ağayev doğum günündə anılıb
![Vətən müharibəsi şəhidi mayor Vüqar Ağayev doğum günündə anılıb](/files/2022/1/1200x630/1646481594181407889_1200x630.jpg)
Bakı, 5 mart, AZƏRTAC
Qubadlı rayonunun Xanlıq kənd sakini, Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Ağayev Vüqar Əhməd oğlunun doğum günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Qubadlı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının nümayəndələri şəhidin İkinci Fəxri xiyabanda məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Sonra Bakı şəhərində yerləşən Qubadlı rayon Vüqar Ağayev adına Xanlıq kənd ümumi orta məktəbində şəhidin büstünün açılış mərasimi keçirilib. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri və aparat əməkdaşları, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Vətən müharibəsi Azərbaycanda dövlət və xalq arasında olan birliyin möhkəmliyini, sarsılmaz olduğunu sübut edib. Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşən xalqımız və Ordumuz düşmənin başını əzərək onu kapitulyasiyaya vadar edib. Vətən müharibəsində ölkəmizdəki xalq-iqtidar-ordu birliyi, sözün əsl mənasında, “dəmir yumruğa” çevrilib və işğalçının belini qırıb.
Şəhidin yaxınları və döyüş yoldaşları Vüqar Ağayev haqqında öz xatirələrini bölüşüb, şərəfli ömür yolundan danışıblar.
Şəhidin ailə üzvləri diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Daha sonra məktəblilər vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.
Qeyd edək ki, şəhid mayor Vüqar Ağayev 2020-ci il noyabrın 1-də Qubadlı rayonu uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Prezidentin sərəncamlarına əsasən, o, ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına, “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medallarına layiq görülüb.