SİYASƏT
VƏTƏNDAŞ MÜRACİƏTLƏRİNƏ BAXILMASI İŞİNİ YAXŞILAŞDIRMAQ YERLİ İCRA ORQANLARININ MÜHÜM VƏZİFƏSİDİR
QƏBƏLƏ RAYONUNDA ZONA SEMİNAR-MÜŞAVİRƏSİ
Azərbaycan Respublikası vətəndaşlarının konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlarının təmin olunmasını daim diqqət mərkəzində saxlayan Prezident cənab Heydər Əliyev vətəndaşların müraciətlərinə baxılmasına xüsusi önəm verir, onların qaldırdıqları məsələlərin obyektiv həllini vəzifəli şəxslərdən qətiyyətlə tələb edir. Məhz Prezidentimizin təşəbbüsü ilə 1997-2000-ci illərdə respublikada vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması məsələlərini tənzimləyən bir sıra normativ hüquqi aktlar qəbul edilmişdir. Bunların arasında “Vətəndaş müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan respublikasının qanunu xüsusi yer tutur. Həmin Qanunun ardınca dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların müraciətləri üzrə kargüzarlığın aparılması qaydaları, yerli icra hakimiyyətləri haqqında əsasnamə, Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə təlimat təsdiq edilib qüvvəyə minmişdir.
Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Ümumi şöbəsi respublikanın şəhər və rayonlarının icra hakimiyyəti başçılarının aparatlarında, habelə yerli idarə, müəssisə və təşkilatlarda vətəndaşların müraciətlərinə baxılmasının, onların qəbulunun və sənədlərlə işin təşkilində müvafiq normativ hüquqi aktların dəqiq və tam icrasını təmin etmək, bu işin səviyyəsini yüksəltmək və səmərəliliyini artırmaq istiqamətində müntəzəm iş aparır.
“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası qanununun, digər müvafiq normativ hüquqi sənədlərin tələbləri iləəlaqədar olaraq yerli icra hakimiyyəti başçılarının aparatlarında, dövlət idarə, müəssisə və təşkilatlarında vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsinə və icra intizamının gücləndirilməsinə yönəldilən tədbirlərdən biri kimi bu günlərdə Qəbələ rayonunda zona seminar-müşavirəsi keçirilmişdir.
Şəki şəhər, Qəbələ, Ağdaş, Ağsu, Qax, Göyçay, Kürdəmir, İsmayıllı, Oğuz və Şamaxı rayonları icra hakimiyyəti başçılarının aparatlarının müvafiq məsul şəxslərinin iştirakı ilə keçirilən seminar-müşavirədə çıxış edənlər vətəndaşların müraciətlərinə baxılmasının və sənədlərlə işin təşkili sahəsində öz təcrübələrindən danışmışlar. Mövzu ətrafında geniş fikir mübadiləsi aparılmış və bu işin səmərəliliyini yüksəltməyin vacibliyi qeyd olunmuşdur.
Seminar-müşavirənin iştirakçılarının nəzərinə bir daha çatdırılmışdır ki, Azərbaycan Respublikasında demokratik və hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsi yerli icra orqanlarından müstəqil dövlətimizin qəbul etdiyi qanunların, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab Heydər Əliyevin imzaladığı fərman və sərəncamların diqqətlə öyrənilməsini, vaxtında və dəqiq icra olunmasını tələb edir. Bilavasitə vətəndaşların həyati problemlərinin həlli ilə bağlı olan qərar və tapşırıqların icrası zamanı isə bu orqanlar həm obyektivlik, həm də həssaslıq göstərməlidirlər. Vətəndaşların ürək sözünü onların dilindən eşitməyi bacarmayan, insan talelərinin aynası olan sətirlərə nəzər yetirməyən, həmvətənlərinin dərdinə şərik çıxmayan vəzifəli şəxs müstəqil Azərbaycana xidmət etməsi ilə öyünə bilməz. Ona görə də seminar-müşavirədə xüsusilə vurğulanmışdır ki, vətəndaşların şifahi və yazılı müraciətlərinə baxılmasını, onların qəbulunu yaxşılaşdırmaq yerli icra orqanlarının gündəlik işi və mühüm vəzifəsidir.
Bu tələblərə Oğuz, Ağsu və Qəbələ rayon icra hakimiyyəti başçılarının aparatlarında, habelə həmin rayonların idarə, müəssisə və təşkilatlarında necəəməl edildiyini aydınlaşdırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Ümumi şöbəsi tərəfindən aparılmış araşdırma zamanı aşkar edilən nöqsan və çatışmazlıqların başqa rayonlar üçün də səciyyəvi olduğunu nəzərə alaraq seminar-müşavirənin iştirakçılarına bunların aradan qaldırılması yollarından danışılmış, onlara öz işlərini qüvvədə olan normativ hüquqi aktlar və təlimatlar əsasında təşkil etmək tövsiyə edilmişdir. Müzakirə edilən mövzu iləəlaqədar seminar-müşavirə iştirakçılarını maraqlandıran suallara ətraflı cavab verilmişdir.
Bu il Azərbaycan Respublikası öz müstəqilliyinin 10 illiyini qeyd edəcəkdir. Seminar-müşavirədə müstəqil respublikanın dövlət orqanlarının sənədlərini tam şəkildə gələcək nəsillərə çatdırmaq məsələsinə də mühüm diqqət yetirilmişdir. Qeyd edilmişdir ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli Qanunu bu məqsədə xidmət edir. Qanunun dərindən öyrənilib icra edilməsinin vacibliyi qeyd olunmuş, Dövlət Arxivinin rayon şöbələri və filialları iləəlaqəni gücləndirmək, daimi saxlanmağa təhvil veriləcək sənədlərin ekspertizasının keçirilməsi işinə onları daha fəal cəlb etmək barədə seminar-müşavirənin iştirakçılarına müvafiq metodiki məsləhətlər və tövsiyələr verilmişdir.
Seminar-müşavirənin işində Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Ümumi şöbəsinin məsul işçiləri F.Əzizov, İ.Qurbanov, R.Həşimov, İ.Yarıyev, Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi R.Ağayev iştirak etmişlər.
Azərbaycan Respublikası Prezidentinin
İcra Apratının Ümumi şöbəsi