Vətəndaş müraciətlərinə operativ reaksiya verilir
Bakı, 12 aprel, AZƏRTAC
Birinci sinfə mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qeydiyyat prosesi müddətində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) (Alternativ qeydiyyat mərkəzləri ilə birgə) üç mindən çox vətəndaş müraciəti daxil olub.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, ötən müddətdə birinci sinfə şagird qəbulu ilə bağlı bu quruma 1.345 ərizə və 40 məktub ünvanlanıb, 151 vətəndaş müvafiq məsələlərlə bağlı qəbul edilib. Daxil olan telefon zəngləri operativ cavablandırılıb.
Hər hansı səbəbdən elektron qeydiyyatdan keçə bilməyən valideynlərə kömək üçün yaradılan alternativ qeydiyyat mərkəzlərinə isə 1.312 müraciət daxil olub.
Qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə müvafiq ümumtəhsil müəssisəsində fəaliyyət göstərən apelyasiya komissiyaları da vətəndaşlara zəruri dəstək verir.
Bundan əlavə, birinci sinfə mektebeqebul.edu.az elektron sistemi vasitəsilə ərizələrin qeydiyyatı prosesində valideynlərə daha çevik cavab vermək məqsədilə yaradılmış “Əlaqə” bölməsinə 200-dən çox online müraciət daxil olub və bütün müraciətlər müvafiq müddətdə cavablandırılıb.
Birinci sinfə qəbulla bağlı həmçinin, “Əlaqə” bölməsi vasitəsilə valideynlərə rəsmi müraciət etmək imkanı yaradılıb. İndiyədək mektebeqebul.edu.az saytının “Əlaqə” bölməsində valideynlər yalnız qısa suallara cavab ala bilirdilərsə, artıq bu bölməyə yazılan müraciətlər rəsmi müraciət kimi qəbul edilir. Bu yenilik valideynlərin vaxt itkisinin qarşısının alınması, ənənəvi yazılı (məktub) müraciətlərin cavablandırılması zamanı meydana çıxa bilən obyektiv ləngimələrin aradan qaldırılması və müraciətlərin daha operativ cavablandırılması məqsədlərinə xidmət edir. Odur ki, valideynlərin birinci sinfə online qeydiyyat prosesində onları maraqlandıran məsələlərə daha operativ cavab almaları üçün əsasən elektron sistemin “Əlaqə” bölməsinə müraciət etmələri tövsiyə olunur.
Aprelin 12-nə (saat 11.00) olan məlumata əsasən, elektron sistem mektebeqebul.edu.az vasitəsilə paytaxt məktəblərinin birinci sinfinə qəbul üçün 40 minədək sorğu yerləşdirilib.