MƏDƏNİYYƏT
VI Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Yohannesburq Simfonik Orkestrinin konserti maraqla qarşılanıb
![VI Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Yohannesburq Simfonik Orkestrinin konserti maraqla qarşılanıb](/files/2014/2/1200x630/14087125123977454285_1200x630.jpg)
Qəbələ, 26 iyul (AZƏRTAC). Heydər Əliyev Fondunun ən uğurlu layihələrindən biri kimi bütün dünyaya səs salan VI Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla davam edir.
AZƏRTAC xəbər verir ki, festivalın proqramına uyğun olaraq iyulun 26-da Yohannesburq Simfonik Orkestrinin konserti olub.
Xalq Artisti, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Rauf Abdullayevin dirijorluğu ilə keçirilən konsertdə Yohannesburq Simfonik Orkestri Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirib.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti, tanınmış pianoçu Murad Adıgözəlzadə orkestrin müşayiəti ilə Ludviq Van Betxoven, İohan Brams və digər bəstəkarların əsərlərindən parçalar ifa edərək gözəl çıxışı ilə dinləyicilərin qəlbinə yol tapdı.
Öz gözəl ifası ilə dünyada məşhurlaşmış Yohannesburq Simfonik Orkestri Azərbaycan tamaşaçılarına və xarici ölkələrdən Qəbələyə gəlmiş turistlərə unudulmaz gecə bəxş etdi.
Yohannesburq Simfonik Orkestri 2000-ci ildə yaradılıb. Bu musiqi kollektivi Avropa və ABŞ-ın bir çox şəhərlərində, ən məşhur konsert salonlarında geniş konsert proqramları ilə çıxış edib.
Yohannesburq Simfonik Orkestri dünya şöhrətli musiqiçilərlə əməkdaşlıq edir.