İQTİSADİYYAT
Vicay Padmanabhan: Ağdaş, Göyçay, Naxçıvan, Beyləqan, Balakən və Ağcabədidə su təchizatı və kanalizasiya-sanitariya xidmətlərinin keyfiyyət və etibarlılığı təmin olunacaqdır
Göyçay, 16 oktyabr (AZƏRTAC). Asiya İnkişaf Bankının (AİB) Azərbaycanda həyata keçirdiyi “Su təchizatı və kanalizasiya sistemi üçün investisiya proqramı” çərçivəsində Göyçay rayonunda həyata keçirilən işlər 18 aya başa çatacaqdır. Hazırda Göyçayda kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı, ünvanların kanalizasiya şəbəkəsinə qoşulması üzrə işlər aparılır, küçələrdə müxtəlif diametrli su xətləri çəkilir, şəhərin şimalındakı dağlıq yüksəklikdə su anbarı inşa edilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri layihə üzrə həyata keçirilən işlərlə tanış olmaq məqsədilə Göyçaya səfər edən Asiya İnkişaf Bankının şəhər təsərrüfatının inkişafı üzrə baş mütəxəssisi Vicay Padmanabhan jurnalistlərə müsahibəsində demişdir. Onun sözlərinə görə, 2012-ci ilin yanvar ayından icrasına başlanılan layihənin ikinci mərhələsi 18 aydan sonra başa çatacaq və Göyçayda hər bir ailə həftənin bütün günlərində 24 saat ərzində içməli su ilə təchiz olunacaqdır.
Vicay Padmanabhan demişdir: “Biz, eyni zamanda, “Azərsu” ASC ilə birgə Göyçayda kanalizasiya sistemini də yenidən qururuq və rayonda yaşayan hər bir ailənin evi bu yeni kanalizasiya sisteminə qoşulacaqdır. Ümumiyyətlə, proqram çərçivəsində Ağdaş, Göyçay, Naxçıvan, Beyləqan, Balakən və Ağcabədidə su təchizatı və kanalizasiya-sanitariya xidmətlərinin keyfiyyət və etibarlılığı təmin olunacaqdır. Proqram çərçivəsində Asiya İnkişaf Bankı tərəfindən Azərbaycan hökumətinə 600 milyon dollar həcmində vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Artıq bu vəsaitdən 375 milyon dolların ayrılması təsdiqlənmişdir. Naxçıvan, Göyçay, Ağdaş şəhərləri üçün ilk tranş 75 milyon, ikinci tranş isə 300 milyon dollar təşkil edir. Bunun da 130 milyonu Naxçıvan, 170 milyonu isə Göyçay, Ağdaş və Beyləqan rayonları üçün nəzərdə tutulmuşdur. Layihənin 3-cü tranşı 2013-cü ilin birinci rübündə həyata keçiriləcəkdir”.
AİB rəsmisi bildirmişdir ki, bu həftə ərzində Ağdaş və Beyləqan rayonlarında layihə çərçivəsində bu günədək görülmüş işlərlə tanışlıq olacaq və təməlqoyma mərasimləri keçiriləcəkdir. Layihələr isə öz növbəsində üç əsas komponentdən ibarətdir. Buraya su təchizatı sisteminin inkişaf etdirilməsi, su cəmiyyətlərinin imkanlarının genişləndirilməsi və layihənin idarə edilməsi sisteminin inkişafı ilə bağlı aspektlər daxildir.