İDMAN
Vüqar Həşimov memorialında 100-dən çox şahmatçı gücünü sınayacaq
![Vüqar Həşimov memorialında 100-dən çox şahmatçı gücünü sınayacaq](/files/2014/2/1200x630/14087124686166616577_1200x630.jpg)
Bakı, 17 iyul (AZƏRTAC). İyulun 24-də tanınmış Azərbaycan şahmatçı, beynəlxalq qrossmeyster Vüqar Həşimovun anadan olmasının 28-ci ildönümü tamam olur.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar 8-10-12 yaşadək oğlanlar və qızlar arasında beynəlxalq şahmat turniri keçiriləcək. Vüqar Həşimov memorialının açılış mərasiminin mərhum şahmatçımızın doğum günündə keçirilməsi planlaşdırılır.
“Exselsior” otelində keçiriləcək beynəlxalq turnirdə Rusiya, Fransa, Gürcüstan, Türkiyə, İran və digər ölkələrdən 100-dən çox şahmatçı mübarizə aparacaq. İlk turu iyulun 25-də keçiriləcək yarış avqustun 2-dək davam edəcək.
İsveçrə sistemi üzrə doqquz turdan ibarət olacaq Vüqar Həşimov memorialının qalibi Batumidə keçiriləcək 12 yaşadək şahmatçıların şəxsi Avropa çempionatında iştirak etmək hüququ qazanacaq. Qalib şahmatçı, eyni zamanda, Vüqar Həşimov kuboku ilə təltif olunacaq. Gümüş medalçı “Baku Open”, bürünc mükafatın sahibi isə “Naxçıvan Open” turnirlərinə dəvət alacaqlar.
Hər yaş qrupu üzrə qaliblər qiymətli hədiyyə, medal və diplomlarla təltif olunacaqlar.