CƏMİYYƏT
Vüqar Kərimov: Təəssüf ki, çimərliklərdə şüşə qırıqları, şpris kimi təhlükəli tullantılara da rast gəlinir
Bakı, 8 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi qış və payız mövsümündə əsasən ağacəkmə kampaniyaları, yaz və yay aylarında isə vətəndaşların istirahət etdiyi məkanlarda - çay sahillərində, meşəlik və Xəzər dənizinin sahilyanı ərazilərində təmizlik aksiyaları təşkil edir.
Bu gün də Hövsan çimərliyində təmizlik aksiyası keçirdik. Təəssüf ki, dəfələrlə edilən çağırışlara baxmayaraq, yenə də tullantılarla ifrat dərəcədə çirkləndirmə halları ilə üzləşirik.
Bunu təmizlik aksiyasında iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov AZƏRTAC-a müsahibəsində deyib.
“Daha çox plastik tullantılar, şüşə qablar, qida qalıqları toplandı. Maraqlısı odur ki, burada geyimlər, uşaq bezlərinə, çox təhlükəli olan şüşə qırıqlarına, hətta şpris, yəni tibbi tullantılara da rast gəldik. Bu, birbaşa sağlamlıq üçün ciddi təhlükədir. Şpris vasitəsilə bir insandan digərinə xəstəlik yoluxa bilər. Şüşə qırıqları dəniz kənarında oynayan uşaqlara ağır xəsarətlər yetirə bilər. Hələ də bəzi vətəndaşların niyə belə davrandığına bir anlam verə bilmirik. Onlar elə düşünürlər ki, sanki bizim missiyamız onların tökdüklərini yığışdırmaqdır. Nəzərə almırlar ki, nazirliyin ətraf mühitin mühafizəsi, təbii sərvətlərin qorunması, azad edilmiş ərazilərimizdə təbiətin bərpası istiqamətlərində çox vacib işləri var və buna diqqət yönəldilməlidir. Odur ki, vətəndaşları bir daha istirahət etdikləri əraziləri çirkləndirməməyə, tullantıları özləri ilə aparıb xüsusi ayrılmış qablara atmağa çağırırıq”, - deyə V.Kərimov bildirib.