SİYASƏT
Vyanada Avropa Şurası Parlament Assambleyasının Büro və Daimi Komitə iclasları keçiriləcəkdir
Bakı, 20 noyabr (AZƏRTAC). Noyabrın 22-də Vyanada Avropa Şurası Parlament Assambleyasının Büro və Daimi Komitə iclasları keçiriləcəkdir.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclaslarda beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Rafael Hüseynov iştirak edəcəklər.
İclaslarda Avropada miqrasiya, qaçqınlar və məcburi köçkünlərlə bağlı problemlər, Azərbaycanda və Gürcüstanda prezident seçkilərinin nəticələri, gender bərabərliyi, diskriminasiya və qadınlara qarşı zorakılıqla mübarizə, nəhəng meqapolislərdə idarəçiliyin təşkili, AŞPA üzvlərinin davranışına nəzarət və digər mövzularda müzakirələr aparılacaqdır.