DÜNYA
Vyanada İranla „altılıq“ ölkələri arasında danışıqların növbəti raundu başlamışdır
Vyana, 8 aprel (AZƏRTAC). Aprelin 8-də Vyanada İranla „altılıq“ ölkələri (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) arasında Tehranın nüvə proqramı ilə bağlı danışıqların növbəti raundu başlamışdır.
Danışıqlara Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Ketrin Eşton və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif rəhbərlik edirlər.
Ötən ilin noyabr ayında əldə edilmiş aralıq razılaşmaya əsasən, altı ay müddətində İranın öz nüvə proqramından dinc məqsədlər üçün istifadəsini təmin edən və bunun əvəzində ona qarşı tətbiq olunan beynəlxalq sanksiyaları aradan qaldıran yekun razılaşmanın imzalanması üçün danışıqlar aparılır. Bu ilin fevral ayından etibarən Vyanada keçirilən sayca üçüncü danışıqlarda İranda uranın zənginləşdirilməsi dərəcəsi, Ərak plutonium reaktoru əsas müzakirə mövzularıdır.
Hər iki tərəfin nikbinlik nümayiş etdirdiyi danışıqlar çərçivəsində may ayından etibarən yekun razılaşmanın mətni üzərində işə başlanacağına ümid olunur.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana