ELM VƏ TƏHSİL
www.e-derslik.edu.az portalında yerləşdirilən elektron dərsliklərin sayı artıb
Bakı, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də şagirdlərin elektron dərsliklərdən istifadə bacarıqları ilə tanış olmaq məqsədilə mediatur keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, mediatur çərçivəsində Bakı şəhəri 220 nömrəli tam orta məktəbdə olan media təmsilçiləri III və VIII sinif şagirdlərinin elektron dərsliklərdən istifadə etmələri prosesini izləyiblər.
Məlumat verilib ki, Azərbaycan və rus bölmələri üzrə www.e-derslik.edu.az portalında yerləşdirilən elektron kitabların sayı 66-dan 95-ə çatdırılıb. Ən son olaraq IV, VI, VII və VIII sinif dərslikləri əlavə olunub. Yaxın aylarda VIII sinif üzrə bütün fənn dərsliklərinin hazırlanıb portalda yerləşdirilməsi nəzərdə tutulub.
Hazırda I-IV və VI-VIII siniflər üçün Azərbaycan və rus bölmələri üzrə 95 dərslik elektron variantda portala yerləşdirilib. V və IX-XI sinif dərsliklərinin elektron versiyaları isə 2015-2016-cı tədris ilinin sonunadək hazırlanacaq.
Ötən bir ildə elektron dərsliklər portalından 400 minə yaxın istifadəçi yararlanıb. Portala gündəlik 1500-2000 nəfər istifadəçi daxil olur. Portalda qeydiyyatdan keçmiş istifadəçilərin sayı isə 33 min nəfərdən çoxdur. Bu göstəricilər hər gün artır.
www.e-derslik.edu.az portalın hazırlanmasında məqsəd təhsil alanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumalarına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyini artırır. Portala daxil olan istifadəçilərin onlayn və oflayn formada dərslikləri elektron versiyada oxumaq, dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq, axtarışlar etmək imkanı var.