MƏDƏNİYYƏT
Xaçmaz Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin elektron kataloqu internet məkanına çıxarılmışdır
Bakı, 20 aprel (AZƏRTAC). Xəbər verdiyimiz kimi, respublikanın bir sıra rayonları ilə yanaşı, Xaçmazda da 2012-ci il “Kitabxanalar ili” elan edilmişdir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, bununla əlaqədar Xaçmaz Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) http://www.xacmaz-mks.az veb-saytı yenidən qurulmuş, sayta rayonun ictimai-siyasi, sosial-mədəni həyatı, tarixi abidələri, turizm imkanları və s. haqqında bölmələr daxil edilmişdir.
Bundan əlavə, rayon mərkəzi kitabxanasında Hüquqi - İnformasiya Mərkəzi virtual olaraq oxuculara xidmət göstərir.
Aprelin 20-də isə rayon MKS-nin elektron kataloqu internet məkanına çıxarılmışdır. Elektron kataloq Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişaf üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 2.2 bölməsinin icrası məqsədi ilə yaradılmışdır. Elektron kataloqda “Kitablar”, “Retro kitablar”, “Elektron kartoteka”, “Diyarşünaslıq” və “Yeni kitablar” adlı bölmələr yaradılmışdır.
Elektron kataloqun kitab bazasına kitabxanaya hədiyyə edilmiş latın qrafikalı kitablar daxil edilir.
Elektron kartoteka bazasına, həmçinin kitabxananın aldığı qəzet və jurnalların adları daxil edilmiş, məqalələr işlənmişdir.