CƏMİYYƏT
Xaçmaz rayonunda kompleks mülki müdafiə təlimi keçirilmişdir
Bakı, 10 dekabr (AZƏRTAC). Xaçmaz rayonunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilmişdir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının hazırlıq planına müvafiq olaraq mülki müdafiə işinin təşkili Baş idarəsinin Xaçmaz regional fövqəladə hallar və mülki müdafiə şöbəsi tərəfindən keçirilmiş təlimə Rayon İcra Hakimiyyətinin mərkəzi aparatı, rayon fövqəladə hallar komissiyası, mülki müdafiə xidmətləri, həmçinin təsərrüfat obyektləri cəlb olunmuşdur.
Kompleks təlimin keçirilməsində məqsəd “Mülki müdafiə haqqında” Qanunun, “Mülki müdafiənin təmin edilməsi barədə” Nazirlər Kabinetinin qərarının, fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində normativ sənədlərin tələblərinə əməl olunmasının və mülk müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar üzrə komissiyaların fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsinə hazırlığının yoxlanılmasıdır.
FHN-dən AZƏRTAC-a bildirmişlər ki, təlim zamanı rayonun mülki müdafiə qüvvələri fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, baş vermiş yanğınların söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, partlayış baş vermiş obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış-xilasetmə, zərərçəkmişlərə ilk həkim yardımının göstərilməsi, epidemiya, epizootiyaya qarşı mühafizə tədbirləri və adamların təhlükəsiz ərazilərə təxliyəsi işlərinin aparılması ilə bağlı tapşırıqları yerinə yetirmişlər.
Təlimin keçirilməsində əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilmişdir.
Kompleks təlimdə rayonun hərbiləşdirilməmiş dəstələrinin 214 nəfərlik şəxsi heyəti və 31 ədəd texnikası iştirak etmişdir.
Təlimin gedişində Xaçmaz rayonunun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti təşkil edilmiş və şərti olaraq qarşıya qoyulmuş məqsədə nail olunmuşdur.